Avropa Konfrans Liqasının qrup mərhələsi başa çatdıqdan sonra 6 tur ərzində göstərilən performansa görə nəticələr açıqlanıb.
Oxu.Az-ın xəbərinə görə, avrokuboklardakı yeganə komandamız “Qarabağ” hər matçda 60,7 faiz topla oynayıb ki, bu, turnirin ən yaxşı ikinci göstəricisidir. Qurban Qurbanovun yetirmələri yalnız Niderlandın “Alkmaar” klubundan geri qalıb. Niderland təmsilçisində bu göstərici 62,8 faizdir. İlk “üçlüy”ü isə 59,8 faizlə Belçika klubu “Qent” qapayıb.
“Qarabağ” həmçinin qrupda qapıya ən çox zərbə vuran 4-cü komanda olub. Komanda 100 cəhddən 34-nü çərçivəyə ünvanlayıbsa, 36-da futbolçular qeyri-dəqiq oynayıblar. Dəqiq zərbə sayına görə yarışın 6-cısı olan “Qarabağ” çərçivəyə ən çox düşə bilməyənlər sırasında 5-ci yerdə qərarlaşıb. Ağdamlıların 30 zərbəsinə isə müdafiəçilər blok qoyub ki, bu göstəricidə təmsilçimiz 1-cidir.
Qrup mərhələsində ümumi zərbə sayına görə Niderlandın “Vitess” klubu (117 zərbə) birinci, Avstriyanın LASK klubu (113) ikinci və Fransanın “Renn” klubu (101) üçüncü yeri tutub.
“Qarabağ” qrup mərhələsində künc zərbəsindən ən çox istifadə edən komanda olub. Qurban Qurbanovun yetirmələri ümumilikdə 47 dəfə künc nöqtəsindən topu oyuna daxil edib. Ağdamlılar 46 kornerlə “Vitess”i izləyib. Sofiya MOİK-i isə 42 dəfə belə vəziyyət əldə edib.
“Qarabağ” eyni zamanda kobudluğa ən çox məruz qalan 6-cı komanda olub. Təmsilçimiz 79 dəfə cərimə zərbəsi vurmaq hüququ qazanıb. Turnirin ən intizamlı komandaları arasında yer alan “Qarabağ” ümumilikdə 9 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Ağdamlılar ən az sarıya “qonaq olan” komandaların sıralamasında yalnız Danimarkanın “Raners” və Belçikanın “Qent” klublarından geri qalır. Adıçəkilən klubların 7 oyunçusu sarı vərəqə alıb.
Qeyd edək ki, son turda səfərdə “Bazel”ə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” H qrupunda 11 xalla ikinci yeri tutaraq, pley-offda iştirak hüququ əldə edib.