Azərbaycan Güləş Federasiyası (AGF) milli komandanın sabiq üzvü, sərbəst güləşçi Mahir Əmiraslanovun saxlanılmasına münasibət bildirib.
HİT.az xəbər verir ki, AGF-in Mətbuat xidmətinin rəhbəri Sərxan Musalının "Report"a verdiyi məlumata görə, 25 yaşlı idmançı narkotik aludəçiliyindən xilas olmaq üçün daha əvvəl federasiyanın təşəbbüsü ilə müalicə alıb.
Qurum rəsmisi deyib ki, Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş güləşçi tam sağalaraq məşqlərə başlasa da, son Azərbaycan çempinatında medalçılar sırasında yer almadığı üçün milli komandadan kənarlaşdırılıb: "Ondan sonra idmançıdan xəbərimiz olmayıb. Mahir beynəlxalq arenada bir çox uğura imza atıb. Lakin təəssüf ki, bununla yanaşı, məşqçilər heyəti və federasiya bir neçə dəfə intizamsızlığına görə onu cəzalandırıb, hətta yığmadan uzaqlaşdırıb".
Musalı federasiyanın belə məsələlərə maksimum dərəcədə həssas yanaşdığını və nəticəsindən asılı olmayaq, idmançıya yaraşmayan hərəkətə yol verən və nizam-intizam kodekslərini pozanların dərhal yığmadan kənarlaşdırıldığını vurğulayıb.
Qeyd edək ki, Mahir Əmiraslanov Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının cari ilin yanvar ayının əvvəlindən bu günə qədər həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, rayonun Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.
Əmiraslanovun barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.