Mahir Emreli: "Gecə klublarına gedirəm, amma..."

İDMAN
20:16 / 10.02.2022
1075

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya mətbuatına geniş müsahibə verib.

Fanat.Az xəbər verir ki, o, "Sports News"ə danışıb. 

Saytın əməkdaşının futbolçumuzla müsahibənin əvvəlindəki qeydləri xüsusilə maraqlıdır: "Emreli haqqında ilk təəssüratımız son dərəcə müsbətdir, o, səmimi görünür, ingiliscə əla danışır, zarafat etməyi xoşlayır, ünsiyyətcil və söhbətcildir".

- "Dinamo”ya gəlmək özünü böyük səhnədə göstərmək üçün böyük şansdırmı?

- Nə düşündüyünüzü bilirəm... Bununla belə, hazırda tək düşündüyüm şey "Dinamo”nun bir parçası olmaq, keyfiyyətimi göstərmək, komanda üçün mübarizə aparmaq, bunun üçün əlimdən gələni etməkdir. Deməli, mən öz gələcəyimi deyil, yalnız "Dinamo”nu düşünürəm. Artıq böyük səhnədə olmuşam, Avropa matçları, Çempionlar Liqası... Demirəm ki, Avropada oynamaq təcrübəm çoxdur, amma yaşıma görə kifayət qədər təcrübəm olduğunu düşünürəm. İnanıram ki, "Dinamo”ya xeyir verəcəm, məşqçilərin, komanda yoldaşlarının, azarkeşlərin gözləntilərini doğruldacağam.

- "Dinamo" haqqında nə bilirsən?

- "Dinamo”nun tarixi ilə bağlı hər şeyi bilirəm. Oxudum, hər şeyi öyrəndim. Mən "Dinamo”nun təkcə Zaqreb üçün deyil, bütün Xorvatiya üçün nə qədər dəyərli olduğunu bilirəm. YouTube-da sənədli filmlərə baxdım. Məsələn, mən bilirəm ki, böyük futbolçu Zvonimir Boban "Dinamo” da çıxış edib...Həmçinin bilirəm ki, yeni klubum transferlərə gəldikdə necə əla iş görür, işgüzar baxımdan əladır, Avropanın elit klubları üçün ən yaxşı oyunçular yetişdirən fenomenal futbol məktəbinə malikdir. "Dinamo” Xorvatiya millisinə çoxlu sayda oyunçu verir, Xorvatiyada çempion titulları qazanır, son illərdə Avropada özünü doğruldub... Bəli, "Dinamo” haqqında çox şey bilirəm. Bilirəm ki, böyük kluba gəlmişəm. Onu da bilirəm ki, "Dinamo” təkcə futbol hekayəsi deyil, həm də daha geniş məna daşıyır. Azərbaycandakı "Qarabağ" kimi. Çünki "Qarabağ" təkcə futbol meydançasında deyil, ondan kənarda da ölkəmizin tarixidir. "Dinamo”da da belədir.

- Polşa və "Legiya"dan yaxşı şəkildə ayrılmadınız. Sizə hücum və alkoqoldan istifadənizlə bağlı fikirlərinizi bilmək istərdik.

- Bu haqda danışmağı xoşlamıram, amma təbii ki, yeni kluba - "Dinamo”ya gəldiyim üçün izah etmək istəyirəm. İstəyirəm hər kəs əsl həqiqəti bilsin. İndi sizə hər şeyin necə başladığını söyləyəcəyəm. Gecə klubundan çəkilən fotolardan biri dərc olundu. Bəli, bəzən klublara gedirdim, etiraf etmək mənim üçün çətin deyil. Heç kimə yalan danışmaram, çünki mən beləyəm. Bəzən istirahət günlərimdə ora gedirəm. Ancaq nadir hallarda, hətta bir neçə ayda bir dəfə gedirəm, amma heç vaxt içmirəm. Ancaq gəlin mediada yayılan həmin fotoya qayıdaq. Bu, "Slaviya Praqa” ilə oyunumuzdan əvvəl baş verdi. Və həmin rəqiblə oyunlarda mən üç qol vurmuşdum! Onda belə əylənmədim. Boş idik, bir az dayandım, vəssalam. O şəkil yayılandan sonra yazılmağa başladı ki, mən pis adamam, kluba hörmət etmirəm. Altı ay ərzində bir dəfə bu haqda yazılmışdı? Davamlı olaraq eyni şəkli fırladıb yazırdılar. Belə anlaşılırdı ki, mən daim bara, gecə klublarına gedirəm. Halbuki altı ayda bir dəfə getdim... Bunu mənim üçün kim qurdu, həqiqətən bilmirəm, başa düşmürəm. Mən maksimum peşəkaram.

- Bəs o, "Dinamo" futbolçuları haqqında nə bilirsən?
- Mən Livakoviç və Petkoviçi əvvəldən tanıyıram , çünki onlara qarşı təkcə "Legion” forması ilə yox, həm də millidə çıxış etmişəm. Onlardan başqa, Mislav Orşiç haqqında hər şeyi bilirəm, xüsusən də onun "Tottenhem”ə qarşı oyunda etdiklərini. Bundan başqa, kapitan Ademi son dərəcə ağıllı oyunçudur. Teofil çox güclü oyunçudur. Ristovski "Sportinq”in formasını geyindiyi zaman mən də ona qarşı oynamışam. "Dinamo”da çoxlu keyfiyyətli futbolçular, yaxşı insanlar, böyük ürəkli gənc gənc futbolçular var. Bizim əla məşqçimiz var - Jelko Kopiç. Zaqrebdə olduğum bir neçə gün ərzində baş məşqçinin futbolçularla, komanda ilə necə gözəl işlədiyini gördüm. Bilirəm ki, onunla bütün bacarığımı göstərə biləcəyəm, özümü sübut etmək üçün çox çalışacağam. Və bir şey daha... Bu ilk günlərdə mənə çox kömək edən bütün komanda yoldaşlarıma, məşqçiyə və bütün heyətə təşəkkür etmək istəyirəm.

- Xorvatiya çempionatı haqda nə bilirsən? Polşa liqasından daha yaxşı olduğunu düşünürsən?
 
- Polşa liqasında nə olacağını heç vaxt bilmirsən, maraqlı yarışdır. Ancaq "Dinamo”ya gəlişimlə bağlı hekayə başlayanda Xorvatiya liqasında baş verən hər şeyi ciddi şəkildə izlədim. Polşa liqası ilə müqayisədə buradakı oyun taktiki mənada qat-qat yaxşıdır, oyunçuların son dərəcə qabarıq texnikası, futbol biliyi var. Xorvatiya liqasında çoxlu güclü futbolçular var. Polşa Liqası döyüşçülər liqasıdır. Əsasən fiziki gücə əsaslanırlar. Oyun kobud, sərt keçir. Xorvatiyada fərqlidir, burada topa sahib olmağı sevir, mövqeli hücumlar edirlər. Bu cür futbolu xüsusilə sevirəm.

- Bəs infrastruktur? Bilirsinizmi, bizim stadionlar, yumşaq desək, sadədir. Matçlara çoxlu tamaşaçı gəlmir. Polşada daha yaxşı stadionlar var, tribunalarda daha çox tamaşaçı olur.

- Sizinlə qətiyyən razılaşmıram. Mən az azarkeş olan oyunlarda da çıxış etmişəm. Məsələn, Polşaya getməzdən əvvəl "Qarabağ”da çıxış edirdim. Tribunalarda tamaşaçı çox olmurdu. Onlar ancaq derbilərdə, "Qarabağ” və "Neftçi” matçlarında, biz Avropa matçlarında oynayanda tribunaları doldururdu. Polşa ilə Xorvatiyanı müqayisə edəndə çox mühüm bir faktı nəzərə almaq lazımdır. Xorvatiyanın 4 milyona yaxın, Polşanın isə 40 milyon əhalisi var. Bu çox şey izah edir. Düşünmürəm ki, Xorvatiya liqasında tamaşaçı azdır, sakinlərin sayını nəzərə alsaq, mənə çox yaxşı görünür. Düzdür, hər kəs stadionlarda daha çox insanın olmasını istəyər, amma sizin azarkeşlər, sizin ultras əladır! Onların səfər oyunlarına gəldiyini görürəm və bilirəm ki, əla azarkeşləriniz var.

- Hansı mövqedə özünüzü daha yaxşı hiss edirsiniz, ən çox harda verirsiniz?
 
- Son illər daha çox mərkəz hücumçusu oynamışam. Klassik hücumçu. Ancaq heç vaxt yalnız cərimə meydançasında qalmadım, topa gəlməyi, boşluğa açılmağı, assistentlik etməyi xoşlayıram. Sağa, sola hərəkət edirəm. Bəzən bu, məşqçilərin xoşuna gəlmir. Belə təqdimata səbr etmirlər. Amma deyirəm, sağ cinahda da oynaya bilərəm, solda da, problem deyil. Özümü klassik forvard kimi yaxşı hiss edirəm, amma yan tərəflərdə, sağda və ya solda oynayanda, yaxşı uyğunlaşa bilirəm.

- Gizli silahlarınız varmı?
 
- Bunun gizli silah olub-olmadığını bilmirəm, amma düşünürəm ki, yaxşı sürətim var. Müdafiə oyunçularından qaça bilərəm. Yeri gəlmişkən, mən bir anda qərarlar verirəm.

- "Dinamo"nun əsas rəqibləri - "Osiyek", "Hayduk", "Riyeka" haqqında nə qədər məlumatın var?
 
- "Hayduk" haqqında çox şey bilirəm. Mənim dostlarımdan biri Ruslan Qurbanov bir vaxtlar "Hayduk”da çıxış edib, "Neftçi”dən Splitə gəlib. Həmçinin, "Legiya"da birlikdə oynadığım Yosip Yuranoviç mənə "Hayduk" haqqında çox şey danışdı. Bilirəm ki, Split gözəl şəhərdir. Bilirəm ki, "Dinamo” – "Hayduk” matçları Xorvatiya futbolunun ən böyük derbisidir. Həmçinin, Xorvatiya liqası haqqında öyrənəndə bildim ki, "Osiyek" əvvəllər "Dinamo"nu çalışdırmış məşqçisi olan ciddi rəqibdir. 

- Azərbaycan millisində xorvatiyalı mütəxəssislər Nikola Yurçeviç və Robert Prosineçki ilə çalışmısan. Onlar haqqında nə düşünürsən?
 
- Prosineçki məni San Marino ilə oyuna apardı, sonra Qətərə yoldaşlıq oyununa. İlk rəsmi oyunum Norveçlə oldu. Norveçlə oyundan əvvəl onun mənə dediklərini heç vaxt unutmayacağam. 19 yaşım var idi və çox həyəcanlı idim. O, bunu hiss etdi və nahardan sonra məni kənara çağırdı. Mənə dedi: "Səbrli ol, sərbəst oyna...” Əlavə etdi ki, dünyada heç bir şey futbolçu olmaq qədər gözəl deyil, futbol başqa işlərə bənzəmir, bu anlardan həzz alım, qorxu haqda düşünməyim. Həmin sözləri bu gün də xatırlayıram və bir növ motivasiya kimi istifadə edirəm. Artıq əlaqəmiz yoxdur, amma hərdən xatırlayıram. Vətəndə hamı bunun üçün darıxır. Böyük yarışlara getmək üçün heç vaxt favorit olmasaq da, onun rəhbərliyi altında çox yaxşı oynadıq və bir qədər irəlilədik. Yurçeviç? Möhtəşəm insan və məşqçidir. Təəssüf ki, uzun müddət millinin məşqçisi olmadı. Onun vaxtında Macarıstana qol vurmuşdum, millinizlə də yaxşı oynamışam. Yurçeviç oyunçuları çox başa düşürdü, onlara daimi dəstək verirdi. Mən ona daha yaxın oldum, ailəsi kimi ona da hörmət edirəm.

- Xorvatiya millisini nə dərəcədə yaxşı tanıyırsan?
 
- Bu nə sualdır? Mən Xorvatiya millisi haqqında hər şeyi bilirəm. İstəyirsən sənə keçirdiyi oyunları, ilk "onbirliy"i deyim? Gecənin bir yarısı yuxudan duranda bunu problem olmadan edə bilirəm. Və bir neçə il bundan əvvəlki möhtəşəm heyət. Mən sizin komandanızı həqiqətən sevirəm. Bu, müstəsna keyfiyyətə malik millidir, dünyanın ən yaxşılarından biridir. Biz axı dünya ikincisindən danışırıq.

- Oynayayacağını nə vaxt görəcəyik? Hazırsanmı? "Sevilya" ilə oyun üçün heyətə düşəcəksən?

- Transfer dövrü mənim üçün uzun oldu. Bir ay heç nə etmədim. Sonra fərdi çalışmağa başladım. Sonra xəstələndim, koronavirusa yoluxdum. İndi "Dinamo”da ciddi işləyirəm, heyətimizdən, komanda yoldaşlarımdan böyük dəstək var. İndi görək, nə vaxt oynaya biləcəyəm, buna məşqçi qərar verəcək... Hazır olsam, bəlkə şansım olar. Mən sakitəm və anımı gözləyirəm.

- "Dinamo”ya gəlmək qərarına ailənin reaksiyası necə oldu? Xoşbəxt idilər?
 
- Bir neçə təklifim olub. Amma eşidəndə ki, "Dinamo” məni axtarır, başqa variant ağlımıza gəlmədi, onları dərhal unutduq. Bilirsiniz, anam futbolu çox yaxşı başa düşür. O, futbolu sevir. Ailədə danışdıq, əmimlə, qardaşımla, bacımla... Amma onlarla söhbətə başlamamış dedim: "Sizinlə danışaram, amma mənim birinci variantım "Dinamo", ikinci variantım "Dinamo, üçüncü variantım da "Dinamo"dur.

- Ailən Zaqrebə gələcək?
- Qardaşım ilk gündən yanımdadır. Bacım iki gün əvvəl gəldi. Anam bir həftədən sonra burada olacaq. Hələ mənzil tapmamışam, birinci anamın gəlməsini gözləyirəm. Bacım Milanda oxuyur, tez-tez Zaqrebə gələcək, anam bir müddət Zaqrebdə, bir müddət Bakıda olacaq... Qardaşım isə hər zaman yanımda olacaq.

0