Hisslərimi sözlə ifadə edə bilmirəm. Sevincliyik”.
Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında çempion olmaları barədə deyib.
50 yaşlı mütəxəssis Ağdam təmsilçisinin cari mövsüm titula layiq olduğunu bildirib:
“İlk oyundan bu günədək eyni templə və istəklə davam etdik. Bu, mənim üçün çox vacib idi. Azarkeşlərimizi də çempionluq münasibəti ilə təbrik edirəm.Xoşbəxtəm. Hər şey əladır”.
O, futbolçularını qələbə münasibətilə təbrik edib:
“Mövsüm bitməsə də, layiqli çempionluq əldə etdik. Necə başladıqsa, eyni tempdə bitirdik. Bu mövsüm futbolçularımın böyüməsinə, inkişafına çox kömək etdi. Paltardəyişmə otağında bəzi futbolçuları ayrıca təbrik etdim. Onlar çempionluq yaşamamışdılar. Onların bu ada bizimlə yiyələnməsi məni çox sevindirdi. Azarkeşlərimizə, rəhbərliyə təşəkkür edirəm. Qarşıda xeyli oyunumuz var. Son 15 gündə ağır matçlar keçirdik. Bəzi oyunçularda yorğunluq hiss olunurdu. Bu gün çox yaxşı komandaya qarşı oynadıq. İstəkləri çox idi. Avrokuboklarda çıxış etmək istəyirlər. Hər bir halda uğur bizimlədir. Bütün “Qarabağ” camiəsini təbrik edirəm”. Qurbanov Çempionlar Liqası ilə bağlı fikir bildirməyin tez olduğunu söyləyib: “Qarşıda kubokun finalı da var. Amma turnirə daha rahat hazırlaşa biləcəyik. Biz istənilən yarışda ən yaxşı nəticə qazanmağa çalışırıq”. Baş məşqçi qarşıdakı matçlarda da eyni istək və motivasiya oynayacaqlarını vurğulayıb: “Son vaxtlar peşəkarlıqdan daha çox danışıram. Bu, bizim işimizdir. Bu gün çempion olmağımıza baxmayaraq, azarkeşlərimiz üçün oynamağa çalışmışıq. Biz yaxşı oynasaq, onlar stadiona daha çox gələcəklər. Məğlub ola bilərik, amma zəif oynaya bilmərik. Yorğun olduğumuz vaxtlar olur. Qarşıdakı matçlarda dəyişikliklər ola bilər. Amma bu, o demək deyil ki, qarşıdakı matçlarda zəif oynayacağıq”. Təcrübəli mütəxəssis cari mövsümün sonunda müqaviləsi başa çatacaq Patrik Andradenin məsələsinə də toxunub: “Vəziyyət olduğu kimi qalır. Danışıqlar davam edir. Xeyirlisi nədirsə, o da olacaq”. Qurbanov deyib ki, bəzən uğur qazanandan sonra arxayınlıqlar olur: “Son 2 ildə gələcəyin komandasını qurmaq haqqında düşünürdük. Xarakterli futbolçuları saxlamaq, komandada olanları saxlamaq lazım gəlirdi. Ötən mövsüm çempion ola bilməməyimiz bizə bu kimi məsələlərə daha çox vaxt ayırmalı olduğumuzu öyrətdi. Məsələn, hücumçu 2-3 oyunda qol vurur, sonra düşünür ki, əsas heyət üzvüyəm, bir oyunda fərqlənməsəm də, olar. Öz futbolçularımı yaxşı tanıyıram. Hamısı məsuliyyətli oyunçulardır. Ötən mövsümün daha çox mənə faydası oldu. O qədər elementlər var ki, bəzən, çatdırmırsan. Futbol o səviyyəyə gəlib ki, bu gün autsayder yoxdur. Bu, mövsüm məğlubiyyətimiz “Səbail”ə qarşı görüşlərdə olub. Titulu əldən vermək böyük məğlubiyyət idi. Amma üzülməmişdim. Məsuliyyətlə çalışırıqsa, yenə də çempion olmamağımıza üzülmərəm”. O, “Zirə”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan söz açıb: “Biz bəzən Rəşad Sadıqovla qarşı-qarşıya futbol oynayanda hər zaman aqressiv alınır. Bu dəfə də maraqlı olacaq. Rəşad həddindən artıq çox düşünən, ideyaları olan insandır. Onun komandasını analiz etmək üçün 3 gün vaxt ayırıram. Final oyununa çox var. Həvəslə oynayacağıq”. Qurbanov bu mövsüm komandanın heyətində heç bir futbolçunu fərqləndirmək istəmədiyini bildirib: “Onların nələr çəkdiyini bəlkə də bilmirsiniz. Bu gün kimisə fərqləndirmək mənə yaraşmaz. Hamısı sanki kasıb uşaqlr idi, varlanmaq istədilər. Təbii ki, bunu məcazi mənada deyirəm. Bu gün çempion olmuşuqsa, buna daha çox oyunçularıma görə sevinirəm. Məsələn, kadi Borges Portuqaliyanın aşağı liqasında sonuncu pillədə gedən komandadan gəlib. Hamısı güvəndiyim insanlar və futbolçulardır”.
Baş məşqçi matçdan sonra Andradenin qucaqlamasının səbəbini də açıqlayıb:
“İlk çempionluğu idi, ona görə təbrik etdim. Psixoloji gərginliyi yoxdur. Meydanda ən istəkli futbolçulardan biridir. İlk sarı vərəqənin haqlı olub-olmadığını bilmirəm. Sonradan ikincini gördü və meydandan qovuldu. Üzgün idi”.