Azərbaycanın 3 klubu heyətini səviyyəli legionerlərlə gücləndirmək istəyir.
Bu barədə "Report"a "Neftçi" və "Keşlə" klublarının sabiq idman direktoru Ceyhun Sultanov məlumat verib.
Hazırda futbol agenti işləyən keçmiş yarımmüdafiəçi bildirib ki, komandalar artıq bununla bağlı ona müraciət ediblər: "Yaxşı futbolçu axtardıqlarından, onlara kimi gəldi təklif edə bilmərəm. Səviyyəli oyunçular var, amma maliyyə ilə bağlı problem yaşanır".
Sultanov adını açıqlamaq istəmədiyi klubların keyfiyyəti artırmaq istədiklərini söyləyib: "Normal maliyyə də ayırırlar. Amma yaxşı komanda qurmaq istəyirsənsə, orta səviyyədən də yuxarı pul xərcləməlisən. İspaniya La Liqası və Sequndasından, həmçinin Bolqarıstan çempionatından bəyəndikləri yaxşı futbolçular var. Ümumiyyətlə, hazırda Azərbaycan klublarının çoxu Balkan ölkələrinə üz tutmurlar. Daha çox İspaniya, Portuqaliya, Fransa və Braziliya bazarlarında futbolçu axtarırlar".