Basketbol üzrə Azərbaycan millisinə serbiyalı baş məşqçi təyin olundu - FOTO

İDMAN
20:01 / 19.05.2022
1873

Basketbol üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.

Federasiyadan Hit.az-a verilən məlumata görə, bu vəzifə Aleksandar Trifunoviçə həvalə esilib. Serbiyalı mütəxəssisin köməkçisi litvalı Aurimas Jasilionis olacaq.

İlkin mərhələdə 55 yaşlı baş məşqçinin qarşısına müəyyən şərtlər qoyulub. Ən mühüm şərtlərdən birincisi 28 iyun - 3 iyulda Maltada keçiriləcək kiçik ölkələr arasında Avropa çempionatının C diviziyonunda yığmanın göstərəcəyi nəticə olacaq. Bu və digər bir neçə nəticə bəlli olduqdan sonra Trifunoviçlə müqavilənin uzadılması və ya ona xitam verilməsi məsələsinə baxılacaq.

Milli komandanın sabiq baş məşqçisi Samit Nuruzadə isə yığmada məsləhətçi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Aleksandar Trifunoviç 1967-ci il mayın 30-da Serbiyanın Belqrad şəhərində anadan olub. İdmançı karyerası ərzində ölkəsinin "Srvena Zvezda" (1986-1988, 1991-1997) və "Atlas" (2000-2001), Xorvatiyanın "Zadar" (1988-1991), İsveçrənin "Fribur Olimpik" (1997-1998), Polşanın "Şlensk Vroçlav" (1998-2000) klublarında çıxış edib. 1993 və 1994-cü illərdə Yuqoslaviya çempionu olub.

Məşqçilik karyerasına 2002-ci ildə "Srvena Zvezda"da başlayan Trifunoviç birində köməkçi olmaqla, üç mövsüm bu klubun uğurları üçün çalışıb. 2006/2007 və 2007/2008 mövsümlərində Litvanın “Letuvos Ritas” klubunda ilk mövsümdə köməkçi, ikincidə isə baş məşqçi olmaqla iki il fəaliyyət göstərib. Daha sonra serbiyalı mütəxəssis 2008/2009 mövsümündə Yunanıstanın “Panionios”, 2009/2010 mövsümündə “Srvena Zvezda”, 2010/2011 mövsümündə Litvanın “Letuvos Ritas”, 2011/2012 mövsümündə “Jalgiris”, 2013/2015 mövsümündə Qazaxıstanın “Astana”, 2016/2017 mövsümündə Türkiyənin “Yeşilgiresun Belediye”, 2017/2018 mövsümündə “Pınar Karşıyaka”, 2019-cu ildə Bosniya və Herseqovinanın “İqokeya” klublarında baş məqçi kimi fəaliyyət göstərib. Onun son iş yeri 2020-ci ildən çalışdığı Rusiya “Ximki”si olub.

Trifunoviç baş məşqçi kimi 2007-ci ildə Litvanın “Letuvos Ritas” klubu ilə Baltik liqası çempionu, 2012-ci ildə eyni ölkənin "Jalgiris" klubunu çalışdırarkən Litva çempionu və eyni zamanda Litva kubokunun qalibi olub. O, 2012-ci ildə "Jalgiris"lə həm də Baltik liqasını qazanıb.

0