Azərbaycanın minifutbol üzrə milli komandasının Avropa Çempionatındakı qələbəsi ölkədə böyük səs-küy yaratdı.
HİT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bunun müxtəlif səbəbləri var idi. Əsas səbəb heyətin tamamilə azərbaycanlılardan təşkil olunması idi. Sosial şəbəkə istifadəçiləri də bunu xüsusi qeyd edirdi. Digər məsələ isə yığmamızda çıxış edənlərin əksəriyyətinin həvəskar futbolçu olmasıdır. Onların bəziləri hətta başqa sahələrdə çalışırlar, yalnız həvəskar meydançalarda top qovurlar.
Komandamızın üzvlərindən olan Rəvan Kərimov müəllim işləyir. O, Bakı şəhəri, 101 saylı orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır.
Mirmehdi Rzayev isə Sumqayıtda yaşayır və elə orada işləyir. O, “klyonka” sexində çalışır. Lakin futbola olan marağı onu yaşıl meydançalardan uzaq qoymur.
Asif Zeynalov həm çimərlik futbolunda, həm həvəskar futbolda oynayır. O, həmçinin Fövqəladə Hallar Nazirliyində Xüsusi Xilasetmə Briqadasında çalışır.
Vüsal İsayev isə həm futbol, həm də futzal idman növü ilə məşğuldur. O, futzal üzrə yüksək liqada da çıxış edib.
Təmraz Əmircanov peşəkar futbolçu olsa da, karyerasını bitirmək məcburiyyətində qalıb. Türkiyədə legioner həyatı yaşamış T.Əmircanov hazırda yalnız həvəskar futbol oynamaqla məşğuldur.
Taleh Babayev də ömrünü futbola həsr edib. Həvəskar futbolda pul qazanan T.Babayev “La Masia” uşaq məktəbində ikinci məşqçi kimi də fəaliyyət göstərir.
Millimizin digər üzvü Tanrıverdi Məhərrəmli də yalnız futbol oynamaqla məşğuldur. O, həvəskar meydanlarda tanınan oyunçulardan biridir.
Komandanın digər üzvləri Bəxtiyar Soltanov, Davud Kərimi, Tural Nərimanov ölkə çempionatlarında, Premyer Liqada kifayət qədər klubların heyətində çıxış ediblər və tanınırlar. Vitali Borisov isə Azərbaycan futzal millisinin üzvü olub və uzun illər komandamızın şərəfini qoruyub.