"Avrora Qrup”, İdman Araşdırmalar Mərkəzi və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında keçiriləcək voleybol üzrə Zəfər Kubokunun püşkü atılıb.
HİT.az xəbər verir ki, tədbir AVF-nin mənzil-qərargahında baş tutub. Püşkatmada 8 komanda iştirak edib. Bunlar işğaldan azad olunmuş əraziləri təmsil edən "Şuşa", "Ağdam", "Kəlbəcər", "Füzuli", "Zəngilan", "Xankəndi", "Xocalı" və "Suqovuşan"dır.
Püşkatma mərasiminə İAM-ın sədri Elşən Məmmədov, AVF-nin baş katibi Fərid Xəlilov, baş sponsor "Avrora Qrup"un İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Elvin Babayev, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və iştirakçı komandaların nümayəndələri qatılıblar.
Turnir olimpiya sistemi ilə keçiriləcək. Hər oyun 3 hissədən ibarət olacaq. İlk iki hissə 25-dən, bərabərlik qeydə alınsa, üçüncü set isə 15-dən ibarət olacaq.
Məlumat üçün bildirək ki, Zəfər Kubokunun qalibinə Zəfər Kuboku, pul mükafatı və diplomlar, finalçı komandaya diplomlar veriləcək. Eyni zamanda yarışın ən yaxşı voleybolçusu da əlavə olaraq pul mükafatı alacaq.