Türk Hava Yolları UEFA Çempionlar Liqasının finalına sponsorluq edəcək

18:01 / 07.09.2022
1280

Türk Hava Yolları UEFA Çempionlar Liqasının finalına sponsorluq edən ilk aviaşirkət olub.

Türk Hava Yolları (THY) 2023-cü ildə İstanbulda keçiriləcək UEFA Çempionlar Liqasının finalına sponsorluq edən ilk aviaşirkət olub.

Hər il 129 ölkədən milyonlarla insanı səmada daşıyan THY dünyanın ən çox izlənilən idman yarışlarından biri olan UEFA Çempionlar Liqasının rəsmi sponsoru olub. Türkiyənin idman tarixinin ən mühüm sponsorluq müqavilələrindən biri hesab edilən bu nüfuzlu tərəfdaşlıq, UEFA Çempionlar Liqasının final oyununun 10 iyun 2023-cü il tarixində İstanbulda Atatürk Olimpiya Stadionunda keçirilməsi ilə əhəmiyyətlidir.

THY-nın rəsmi sponsoru olduğu UEFA Çempionlar Liqası 70-dən çox yayım şirkəti vasitəsilə 200 ölkədə 678 milyon izləyiciyə çatdırılır.

Müqavilə çərçivəsində Türkiyənin milli bayraq daşıyıcısı UEFA Superkuboku, UEFA Futzal Çempionlar Liqası finalları və UEFA Gənclər Liqasının final oyunları ilə rəsmi sponsor kimi əməkdaşlıq edəcək.

Türk Hava Yollarının UEFA Çempionlar Liqasına sponsorluğu ilə bağlı rəsmi mərasim THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri professor Ahmet Bolat, şirkətin yüksəkvəzifəli rəsmiləri, Avropa Futbol Assosiasiyaları Birliyinin prezidenti Aleksandr Çeferin iştirakı ilə baş tutub.

Sponsorluqla bağlı THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri professor Ahmet Bolat, “Ölkəmizin bayraqdar hava yolu şirkəti olaraq, ən böyük idman tədbirlərindən biri olan UEFA Çempionlar Liqasına sponsorluq etməkdən xoşbəxtik.”, – deyə bildirib.

Türk Hava Yolları EURO 2016-nın rəsmi hava yolu sponsoru kimi UEFA ilə əməkdaşlıq edən dünyada ilk hava yolu şirkəti olub.

Bayraqdar aviaşirkət həmçinin Barselona, ​​Mançester Yunayted, Borussia Dortmund, Olympique de Marseille və River kimi məşhur komandalara sponsorluq edib. Türk Hava Yollarının Kobe Bryant və Lionel Messinin yer aldığı “The Selfie Shootout” reklamı bütün zamanların ən çox baxılan reklamlarından biridir.

0