Kamran İsmayılov: “Nə yalan deyim, mən bu işi bacarmıram” - MÜSAHİBƏ

İDMAN
10:55 / 19.11.2022
6440
"Şamaxı” (köhnə "Keşlə”) yeni adı ilə Premyer Liqada oynamaq üçün qeydiyyatdan keçəndən sonra tanınmış menecer Kamran İsmayılov da kluba dəvət olundu. Hansı ki, vaxtilə "Bakı”, "Simurq” kimi komandalarda çalışsa da, İsmayılov xeyli müddət idi Azərbaycan futbolundan uzaq düşmüşdü. 
 
Qaynarinfo-ya müsahibə verən mütəxəssis futboldan uzaq düşməsinin səbəbindən, qarşıdakı planlardan, "Şamaxı” ilə müqavilə bağlamasından danışıb. O, millimizin və Premye Liqanın durumunu da dəyərləndirib.
 
- Bir neçə il idir, futboldan uzaq idiniz. Bunun xüsusi səbəbi var?
 
- Futboldan uzaqlaşmağımın səbəbi deyəndə, bu, normal bir haldır. Elə olur tez və ya gec təklif alırsan. Bəzən aldığın təkliflərlə razılaşmırsan. Müəyyən dönəmdə Azərbaycan futbolundan kənar düşdüm. Azərbaycanda sonuncu klubum "Simurq” oldu. Burdan ayrılandan sonra iki təklif almışdım. Açıq deyim, bu təkliflər mənim üçün maraqlı deyildi. Ona görə də dəyərləndirmədim. Sonradan imkan yarandı, xaricdə işlədim. Qayıdandan sonra da xüsusi təklifim olmadı. Yalnız bu yay "Şamaxı” rəhbərliyi ilə görüşdüm, mənim üçün xoş və cəlbedici dəvət oldu. Razılaşdıq və hazırda komandadayam.
 
- Xaricdəki fəaliyyətinizi niyə davam etdirmədiniz? Yoxsa Azərbaycan futboluna qayıtmaq istəyirdiniz?
 
- Yalan danışmağı sevmirəm. Xaricdə işim təlim-məşq toplanışlarının təşkili ilə bağlı idi. Pandemiya dönəmi başlayanda, bu biznes pozuldu. Get-gəl olmadı. Praktiki olaraq, işlər dayandı. Gözlədim ki, nə vaxtsa düzələr. Amma pandemiya uzun çəkdi, ümumiyyətlə, bitib-bitməyəcəyi bilinmədi. Bizim sistem belədir ki, maaş yoxdur. Gördüyün işin müqabilində müəyyən vəsait əldə edirsən. Düşündüm ki, xaricdə gəlirsiz oturmaqdansa elə evimə qayıdaram.
 
- Yəni, Azərbaycan futbolundan uzaq düşməyin səbəbi hər hansı küskünlük deyil…
 
- Küsmək? 18 yaşlı qız deyiləm ki, kimdənsə, nədənsə küsüm (gülür). Özüm heç vaxt peşəkar futbolçu olmamağıma baxmayaraq, cavanlığımdan bu sistemin içindəyəm, işimi sevirəm. Nədənsə küsməyim mümkün deyil. 
 
- Yəqin ki, Azərbaycan futbolunu izləyirdiniz. Siz gedəndən sonra hansısa dəyişikliklər olub?
 
- Müsbət və ya mənfi mənada çox şeylər dəyişib. Amma bu barədə danışmaq üçün uzun vaxt lazımdır. 
 
- Ümumilikdə dəyişikliklərin əksəriyyəti müsbət, yoxsa mənfi yöndədir?
 
- Təşkilatçılıq, çempionatın keçirilməsi, klublarda iş sisteminin qurulmasına baxsaq, sözsüz ki, müsbət dəyişikliklər var.
 
- Bəs Premyer Liqamız?
 
- Çempionatın səviyyəsi, ələləxsus futbol akademiyalarına, uşaq komandalara, əvəzedici heyətlərə və s. baxsaq, təəssüf ki, mənfi dəyişikliklər görürəm. 
 
- Ən çox hansı çatışmazlıqları qabartmaq olar?
 
- Sözsüz ki, komandaların azlığı. Bu, ən böyük çatışmazlıqdır. Komandaların sayı çox olsa, irəliləyiş dövrü başlayar. Amma bu şərtlə ki, komanda xətrinə komanda yaradılmasın. Onun infrastrukturu, şəraiti olsun. Say həddindən azdır və bu, böyük problemdir. Mənim düşüncəm belədir. 
 
- Uzun illərdir millimizdə də böyük dəyişiklik görünmür. Bu, necə, nə vaxt düzələ bilər?
 
- Hamısı bir-birinə bağlıdır. Çempionatımızın səviyyəsi müəyyən dərəcədə enirsə, uşaq futbolundan o keyfiyyətdə futbolçular çıxmırsa, bu, milliyə də təsir edir. Düzdür, əvvəl də superfutbolçular çıxmırdı. Amma özünə görə səviyyə, keyfiyyət vardı. Milli komanda piramidanın ucudur. İndidən bir, iki, beş ildən sonra millimizin yüksək səviyyəyə qalxacağını desək… Təki yüksəlsin, buna ancaq sevinərəm. Hansı vaxt ərzində olacaq, indidən nəsə demək çox çətindir. Amma olacaqmı, olmayacaqmı? Bu da sualdır.
 
- "Şamaxı”nın nə güclü maliyyəsi, nə iddialı komandası var. Bəs sizi kluba nə cəlb etdi? Ümumiyyətlə, belə kubda işləmək çətin deyil?
 
- Mənə burada iki şey maraqlı oldu. Formal olaraq, hüquqi tərəfdən köhnə komandadır. "Keşlə” ötən mövsümün sonlarına yaxın "Şamaxı” adı ilə oynamağa başlamışdı. Amma danmıram, reallığa baxsaq, praktiki olaraq sıfırdan komanda yaradıldı. Rəhbərlik, şəhər dəyişildi. Keçən il komandanın adı "Şamaxı” olsa da, Bakıda məskunlaşmışdılar. Şamaxıya ancaq oyunlara gəlib-gedirdilər. Praktiki olaraq hər şey dəyişdirildi. Köhnə kollektivdən 2-3 futbolçu qaldı. Bütöv komanda yaratmaq ideyası vardı. Açığı sıfırdan komanda yaratmaq çox maraqlıdır. Bunu tək şəkildə həyata keçirmirəm. Lakin prosesdə iştirak etmək çox maraqlıdır. İnanıram ki, nə vaxtsa "Şamaxı”nın doğrudan da iddialı və özünəməxsus sifəti olacaq. Ola bilər ki, həmin vaxt klubda çalışmayım. Amma baxıb sevinəcəm ki, az da olsa əmək sərf etmişəm. Bu, insana zövq verir. İkincisi, gizlətmirəm, rəhbərliklə danışanda hiss etdim ki, insanlar həqiqətən nəsə yaratmaq, harasa gedib çıxmaq istəyir. Yəni futbola elə-belə gəlməyiblər. Söhbət ondan getmir ki, komanda mütləq şəkildə 10 dəfə Azərbaycan çempionu, yaxud Avroliqanın qalibi olmalıdır. Bəziləri nəticəyə oynayır, bəziləri gənclərin inkişafına çalışır. 
 
- "Şamaxı”nın məqsədləri nədir və bu mövsüm komandanı hansı pillələrdə görürsünüz?
 
- "General olmaq istəməyən əsgər, əsgər deyil” misalı var. İstək maksimal dərəcədə yüksək olmalıdır. Amma reallıq var. Komandanın sənədləşməsi, Bakıdan Şamaxıya köçməsi prosesində bir qədər gecikmə oldu. Üstəlik Şamaxıya köçəndə stadiondan başqa heç nə yox idi. İndi gül kimi bazamız, avtobusumuz var. Şərait barəsində komandada problem yoxdur. Bununla yanaşı, konseptual olaraq qərara gəldik ki, sırf yerli futbolçularla başlayaq və davam edək. Sirr deyil ki, Azərbaycanda bir çox futbolçular yalnız hüquqi cəhətdən yerlidir. Yəni, pasportuna ölkəmizin adı yazılsa, müəyyən millilərimizdə oynasa da, Azərbaycan mənşəli deyil. "Şamaxı”nın heyətində olanlar isə burada doğulan, böyüyən, tam real Azərbaycan vətəndaşlarıdır. Üstəlik komanda gəncdir. Elvin Məmmədov, Rəşad Əzizli, Amil Yunanov, Adil Nağıyev kimi təcrübəlilər də var. Ancaq heyətin əksər hissəsi gənc futbolçulardan ibarətdir. Bəzi futbolçularımız ümumiyyətlə, Premyer Liqa matçlarında meydana çıxmamışdı. Başa düşürdük ki, böyük nəticələr qazanmaq çox çətin olacaq. Amma mövsümdə iki məqsədimiz var. Birinci, komanda qurmaqdı. Bünövrə qoymaq istəyirik ki, gələcəkdə klub bunun üzərində irəliləsin. İkincisi, sözsüz ki, Premyer Liqada qalmaq. Bir də ki, iştah diş altındadır. Başlanğıcda turnir cədvəlində 10-cu pillədə idik. Mətbuatı oxuyuruq, hamı bizə sırf autsayder kimi baxırdı. Az qalırdı "Şamaxı”nın 10-cu yeri tutduğunu qətiləşdirsinlər. İndi isə artıq 8-ci pillədəyik. 7-ci pillədəki komanda ilə xallarımız eynidir. İnanırıq ki, irəli gedə bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik. 
 
- Şəxsi planda "Şamaxı" ilə bağlı nələr etməyi və hansı yenilikləri gətirməyi planlaşdırırsınız?
 
- İnanıram ki, məni düzgün anlayacaqsınız. Bunu mətbuatla müzakirə etməyim düzgün deyil. Niyə görə? Mən klubun tərkib hissəsiyəmsə, yenilikləri tək gətirmirəm. Rəhbərliyimiz, onların da ideyaları, istəkləri var. Hamımız birləşsək, nəyəsə nail olacağıq. Tək-tək heç kim nəsə edə bilməz, mümkün deyil. Mənim və ya bir başqasının ideyaları fərqli ola bilər. Çox şadam ki, rəhbərlik səmimidir. Müzakirələr aparırlar, fikirlərimizlə maraqlanırlar, düşünürlər. Təkliflərimi götür-qoy edirlər. Sonda hansısa ideya ortaya çıxanda hamımız o yolun yolçusu oluruq. Burda mənim, sizin və ya bir başqasının yenilik gətirməsindən söhbət getmir. Üzr istəyirəm, professor, ya da müəllim deyiləm ki, kiməsə dərs deyim. Bu həyatdır, işdir, komandadır, ailədir.  
 
- Son illərdə menecerlik sahəsində hansı yeniliklər var? Ümumiyyətlə, menecerlik çətinləşibmi?
 
- Futbolçu alqı-satqısını nəzərdə tutursunuzsa, mən heç vaxt bununla məşğul olmamışam. Həyatım boyu heç bir futbolçuya agentlik etməmişəm. Etmirəm, etmək fikrim də yoxdur. Hər insan bacardığı işlə məşğul olmalıdır. Mən bu işi bacarmıram, yalan danışaram. Buna heç marağım da olmayıb. Bacarmadığım üçün sizə heç nə deyə bilmərəm. Mənim işin klub içində təşkilatçılıqdır. Düzdür, hansısa futbolçularla danışıqlar aparıram. Amma onu kiməsə satmaq, ya futbolçu almaq mənə aid deyil. Hə, futbolçunu klubun adından satmaq mənə məxsusdur. Yəni, satıb və ya hansısa futbolçunu transfer edib kluba xeyir vermək mənasında, bu mümkündür. Ancaq sırf futbolçunu kiməsə təklif edib, müqavilə bağlayıb və yerbəyer edərək agent kimi ondan müəyyən faiz pul almaqla heç vaxt məşğul olmamışam, belə bir fikrim də yoxdur (gülür).
0