Ən zəif bənd Ramil idi, bəs ən güclü? - QİYMƏTLƏNDİRMƏ

14:51 / 17.02.2023
1409

Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində Bakıda Belçika "Gent"ini 1:0 hesabı ilə yenən "Qarabağ" bu rəqibini mübarizədən kənarlaşdırmaq yolunda inamlı addım atdı.

Fanat.Az Ağdam təmsilçilərinin futbolçuların çıxışını 10 ballıq şkala üzərindən belə qiymətləndirir:

Luka Quqeşaşvili  - 6,0

Rəqibin "çərçivə"yə 1 zərbə belə, endirmədiyini nəzərə alsaq, Quqeşaşvilinin işi o qədər də çox olmadı. Gürcü qolkiper bir epizodda çıxış da inamsız oynasa da, ümumilikdə işinin öhdəsindən gəldi.

Elvin Cəfərquliyev - 6,5

Sol cinah müdafiəçisi yenə hərəkətli idi. Oyun boyu hücumlara qoşulmağa çalışan Cəfərquliyev ucaboy rəqiblərlə hava mübarizələrindən çətinlik çəkirdi. Hərçənd müdafiə bacarığı yüksək olmayan Abdullah Zubiri 90+8 dəqiqə dəstəklədiyi və yorğunluğu hiss etdirmədiyi faktdır. Cərimə meydançasına girərək qapı qarşısına etdiyi iti ötürməni qola çevirən tapılsaydı, 7-yə də layiq görülə bilərdi.

Bədavi Hüseynov (k) - 7,0

Bədavi oyunun ən yaxşılarından idi. Birəbir mübarizələrdə sözünü deyən milli üzvü "Gent"in hücum xəttinin hava topları ilə təmin edilməsini inamla əngəllədi. Mərkəz müdafiəçisi bir neçə kritik müdaxilə ilə də kapitan sarğısını haqq etdiyini isbatladı. 

Bəhlul Mustafazadə - 6,0

İki epizodda mövqe səhvinə yol verən Bəhlul ümumilikdə zəif görünmədi. Ancaq Avropa təcrübəsi az olmayan Mustafazadədən daha artığını da ummaq olar.

Marko Veşoviç - 5,0

Bir neçə yolverilməz top itkisi, yarısından çoxu alınmayan ötürmə cəhdləri... Veşoviçin potensialından aşağı performans sərgilədiyini vurğulamalıyıq.

Julio Romao - 7,0

Braziliyalı dayaq yarımmüdafiəçisi "Qarabağ"dakı karyerasının ən yaxşı matçlarından birini keçirdi. Fiziki cəhətdən hazırlıqlı rəqibin oyununa pozan "6 nömrə"nin meydanda qarışqa kimi işlədiyini önə çəkməliyik. O, dünən hər yerdə idi.

Marko Yankoviç - 7,0

Monteneqrolu "8 nömrə"nin birinci ayrıdakı oyunu o qədər də ürəkaçan deyildi. Markonun mərkəzdəki kritik top itkiləri (ikisi daha çox yadda qaldı) yalnız müdafiə xəttinin inamlı çıxışı hesabına "Qarabağ"a baha başa gəlmədi.Qolun vurulmasında baxımlı məhsuldar ötürmə ilə iştirak etməsəydi, şübhəsiz, bu qiymətə layiq görülməzdi.

Riçard Almeyda - qiymətsiz

90-cı dəqiqədə Yankoviçi əvəzləyən Riçarda uzatma dəqiqələrindəki performansına görə qiymət verməyə dəyməz. Topla bir neçə dəfə təmas edibsə, ən yaxşısı qiymətləndirməməkdir.

Abdullah Zubir 6,5

Zubir görməli olduğu işi görürdü. Müdafiənin cinahını gərginlikdə saxlayır, 80 faizi onun cinahından təşkil edilən həmlələrin məntiqi sonluqla bitməsi üçün tər tökürdü. Təmsilçimizin vurduğu qol zamanı da hücumu Abdullah başladı. Mərakeş əsilli fransalı rəqib qapıçı Davi Rufun topu onun önünə atmasını qol ötürməsinin müəllifi Yankoviçi vaxtında görərək bağışlamadı.

Leandro Andrade - 7,5

Söhbət yalnız həlledici qolun müəllifi olmasından getmir, Andrade bu matçda Kadinin yoxluğunu unutdurmağı bacardı. Təmkinli, fəal və sabit təsir bağışladı. Mərkəzdə 3 nəfərin arasından çıxdığı epizod isə futbol adına başqa gözəllik idi.

Yassin Benzia - 5,0

Benzia hələ də komandanın futbol fəlsəfəsini tam anlamayıb. 79-cu dəqiqədə Andradeni əvəzləyən əlcəzairli ön xətdə təcrübəsi hesabına nələrsə etməyə çalışır və yalnız çalışırdı.

Ramil Şeydayev - 4,5

Təəssüf ki, komandanın ən zəif bəndi elə Şeydayev oldu. Penaltini boşa verən Ramil tələsir, rəqibin pressinq etdiyi anlarda doğru qərarlar verməyi bacarmırdı. Sırf bu qarşılaşmada ondan daha çox şey umanları üzdüyü bəlli həqiqətdir.

Redon Cica - 6,0

79-cu dəqiqədə Şeydayevi əvəzləyən Cica ön xətdə canlanma yaratmağı bacardı. Vurduğu baxımlı zərbə zamanı top tirə yox, "Gent"in qapı toruna qovuşaydı, yeni komandasının forması ilə çıxdığı ilk matçda daha böyük özünəinam qazanardı.

Musa Qurbanlı 5,5

Gənc hücumçunun bu statusda matçda ortaya qoyduğu oyunu kafi adlandırmaq olar. Komandasına penalti qazandıran Musa əsas üstünlüyündən - "ikinci mərtəbədə" oynamaq bacarığından məhrum edilmişdi. Bir neçə qərarındakı yanlışlıq isə təbii ki, təcrübəsizliyindən qaynaqlanır.

Adama Diakabi - 6,0

66-ci dəqiqədə Musanın əvəzinə meydana çıxan Diakabinin reallaşdırdığı inamlı reyd stadiona toplaşanlara "hələ hər şey irəlidədir" mesajı sayılmalıdır. Sürətli, səviyyəli oyunçu olduğu bu görüşdə də sezildi. Məhz Adama döyüşə atılandan sonra Şeydayev nominal forvard ampluasına keçdi və nəticədə, sağ vinger mövqeyini tutan Diakabi təzyiqin artırılmasına yardımçı oldu.

1