Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyinin dəstəyi "Mədinə" Humanitar Yardım Təşkilatı İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "Fencing" İdman Klubu və "Difai" Futbol Klubunun iştirakı ilə "Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması layihəsi" çərçivəsində İsmayıllıda müharibə iştirakçıları ilə görüş keçirilib.
Toplantı rayonun Heydər Əliyev Mərkəzində təşkil olunub.
Burada İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, habelə yerli idman ictimaiyyətin nümayəndələri ilə yanaşı, II Qarabağ Müharibəsinin iştirakçı və qaziləri, onların ailə üzvləri iştirak edib.
Geniş müzakirələr böyük maraq doğurub. "Difai"nin prezidenti Asəf Məlikov klubun adından II Qarabağ Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyevaya müxtəlif hədiyyələr təqdim edib.
Şəhidin anası oğlunun ruhuna göstərilən ehtirama görə ona öz minnətdarlığını bildirib, Aqillə bağlı xatirələrini bölüşüb.
Deyib ki, Tuğ kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Aqil həmişə futbola böyük maraq göstərib, AFFA-nın təşkil elədiyi müxtəlif çempionatlara qatılıb, 11 yaşlılar arasında yarışın ən gözəl qoluna imza atıb.
Tədbir haqda iştirakçıları məlumatlandıran A.Məlikov İsmayıllıda müharibə iştirakçılarının yer aldığı komandanın yaradılmasının vacibliyini qeyd edib.
O, bu ilin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilməsini xatırladıb, bildirib ki, "Ulu Öndər" Kuboku yarışı keçiriləcək.
Turnirdə 8 kollektivin mübarizə aparacağını söyləyən A.Məlikov deyib ki, iştirakçıların hamısı bölgə təmsilçisi olacaq.
I Qarabağ Müharibəsində qazi olan polkovnik vurğulayıb ki, İsmayıllıda futbola maraq böyükdür və rayonun eyniadlı komandası bir neçə ildir Region Liqasında qüvvəsini sınayır.
Vətən savaşında canından keçən şahidlərin, o cümlədən, qazilərin ailələrinə daim diqqət göstərmiş A.Məlikov bildirib ki, bu nəcib missiyanın davam etdirilməsi vacibdir və yeni layihə aksiyanın genişləndirilməsi məqsədi daşıyır.
O, müharibə iştirakçılarııı yeni yaradılması nəzərdə tutulan komandanın gündəlik həyatında yaxından iştirak etməyə səsləyib:
«Şərt deyil ki, hamınız futbol oynayasız. İdarəçilikdə də təmsil olunasız. Biz təşkilati məsələlərin həllində, müxtəlif dövlət qurumlarıyla əlaqələrin qurulmasında sizə yaxından kömək etməyə hazırıq.
İnanıram ki, İsmayıllı "Ulu Öndər" Kubokunda təmsil olunmaqla kifayətlənməyəcək, sonra Region Liqasında çıxışını davam etdirəcək, Divizionda mübarizə aparacaq.
İsmayıllı turizm rayonudur. Burada iş adamları çoxdur. İcra Hakimiyyətinin köməyi ilə onları da yeni yaradılacaq komandanın maliyyələşməsinə cəlb etmək olar. Biz sizdən fəallıq gözləyirik».