AVRO-2024: Keyn tarixə düşüb, Danimarka antirekorda imza atıb

İDMAN
14:02 / 27.03.2023
629

AVRO-2024-ün seçmə mərhələsində ötən gün keçirilmiş oyunlar bir sıra hadisələrlə əlamətdar olub.

HİT.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, J qrupunda Lixtenşteyn üzərində 7:0 hesablı səfər qələbəsi İslandiya millisinin rəsmi matçlarda qazandığı ən böyükhesablı qalibiyyət kimi tarixə düşüb. Sözügedən kollektiv daha əvvəl 1985-ci ildə yoldaşlıq görüşündə Farer adalarını 9 cavabsız qolla üstələyib.

H qrupunda səfərdə Qazaxıstana uduzan Danimarka ilk dəfə 2 top fərqi ilə öndə olduğu rəsmi matçda məğlubiyyət acısı yaşayıb - 2:3. Yığmanın son 5 qoluna imza atan Rasmus Hoylund Avropa çempionatlarının seçmə mərhələlərində Ole Madsendən (ardıcıl 6 qol, 1963-cü il) sonra buna nail olan ikinci futbolçudur.

C qrupunda Ukraynaya 2:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənən İngiltərə millisinin hücumçusu Harri Keyn beynəlxalq oyunlarda 100-cü qolunu vurub və bu uğura imza atan ilk ingiltərəli oyunçu olub. "Tottenhem"in 30 yaşlı forvardı bu qolların 55-ni yığmada, 45-nə isə klubunda vurub.

İngiltərə seçməsinin digər qolunun müəllifi olan Bukayo Saka isə 21 yaş 202 günlüyündə yığmada səkkizinci dəfə fərqlənib. O, bu göstəricidə cəmi 4 futbolçudan - Diksi Din (16), Cimmi Qrivz (16), Ueyn Runi (12) və Maykl Ouendən (10) geri qalır.

0