“Sumqayıt” I Diviziona düşsə də, qalacağam. Əlbəttə ki, saxlasalar”.
Hit.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis komandasının cari mövsümdə ən yaxşı oyunlardan birini keçirdiyini bildirib: “Həddən artıq möhkəm komandaya qarşı oynadıq. Evdə mübarizəyə böyük önəm verən rəqiblə qarşılaşmaq çətindir. “Turan Tovuz”la burada oynayan komandalar əziyyət çəkirlər. Düşünürəm ki, bu mövsüm ən yaxşı oyunlarımızdan birini keçirdik. Rəqib erkən qol vursa da, matçboyu futbolçular nizam-intizamı qorudular. Mübarizədən qopmadılar, rəqibin son dəqiqələrdəki təzyiqinə qədər öz oyunlarını göstərdilər. “Səbail”lə görüşdə də belə bir şey yaşamışdıq. Artıq son mərhələyə girmişik. Qarşılaşmadan əvvəl bizə 1 xal təklif etsəydilər, o da bizim üçün “çörək” olardı”.
Baş məşqçi qapıda gənc İlnur Vəliyevə şans verməsinin səbəbini də izah edib: “Aydın Bayramov zədə səbəbindən fasilə dönəmində bizimlə məşq etmədi. Amma İlnuru sırf Aydın zədələndiyi üçün meydana buraxmamışdım. Onu hətta iki matç əvvəl oynatmaq istəyirdik. Aydın həddən artıq yüklənmişdi. Ardıcıl səhvlər onun özünü təzyiq altına salmışdı. Düşündük ki, bəlkə bir az dincəlsin”.
Samir Abasov matçda dubl edən Kamran Əliyevin hələ tam formada olmadığını sözlərinə əlavə edib: “Kamran kimi oyunçular tez uyğunlaşırlar. Çünki dil problemi yaşamırlar. Bəziləri ilə azərbaycanca, bəziləri ilə rusca danışır. Kamran bu gün komandanın yaxşılarından biri idi. Amma bəzi epizodlarda oyundan qopurdu. Düşünmürəm ki, uyğunlaşma dönəmini tam başa vurub. Ona yenə vaxt lazımdır. Hələ tam mən istəyən formada deyil”.