\"Turan Tovuz\"un baş məşqçisi: \"Üzücü məğlubiyyət oldu\"

23:42 / 31.03.2023
789

"Üzücü məğlubiyyət oldu. Matça başqa cür hazırlaşmışdıq".

Bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov evdə "Sumqayıt"a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, heyətdəki itkilərə Piruzi Marakvelidzenin də əlavə olunması planları pozub: "Rəqib meydanda daha aqressiv və istəkli idi. Amma biz qollarımızı vurmuşduq. Daha diqqətli olmalıydıq. Təəssüf ki, ikinci hissədəki penalti və digər səhv oyunu 180 dərəcə dəyişdi. Bundan sonra əvəzetmələr etsək də, rəqib yaxşı müdafiə olundu".

O, dördüncü dövrənin çətin keçəcəyini bildirib: "Hər kəs xal qazanmaq istəyir. Bizim də yer aldığımız aşağı pillələrdə gərgin mübarizə gedir. Növbəti oyuna hazırlaşmalıyıq".

Abbasovun sözlərinə görə, milli komandaların oyunları ilə bağlı yaranmış fasilə "Turan Tovuz"a mənfi təsir edib: "Bəzi futbolçularımız tonusda olmadı, bəziləri yığmada zədələndi. Məsələn, Veysəl Rzayev zədəli olmasaydı, Piruzinun yerinə onu buraxmaq olardı".

Baş məşqçi ikinci hissədən sonra komandasının hücuma keçməkdə çətinliklə üzləşməsinin səbəbini də açıqlayıb: "Ümumən, elə bir taktika yoxdur ki, korner qazanmayaq və ya hücuma keçməyək. Heç bir məşqçi belə tapşırıq verməz. Sadəcə, gözləmədiyimiz hadisələr oldu. Rəqib fərqli sistemlə oynadı. Hər şey sırf bununla bağlı idi".

O, futbolçuların arxayınlaşmasına inanmadığını söyləyib: "Çünki hələ Premyer Liqada yerimizi təmin etməmişik. Riyazi hesablamalara görə, hər şey ola, aşağıdakı rəqiblər bizə çata bilərlər. Düzdür, bu, elə də inandırıcı görünmür. İkinci tərəfdən, elitada qaldıqdan sonra baxımlı oyun göstərməyəcəyik deyə bir şey yoxdur. Əsas problem stabilliklə bağlıdır".

0