Eldəniz Əzizli: "Hazırkı yunan-Roma güləşi millisini tarixin ən yaxşısı saymayanlar səhv edirlər"

İDMAN
20:27 / 03.04.2023
582

"Etirazların hamısı əsassızdır. Kimliyindən asılı olmayaraq, hazırkı yunan-Roma güləşi millisini tarixin ən yaxşısı saymayanlar səhv edirlər".

Bunu açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli sosial şəbəkə hesabında paylaşdığı posta münasibət bildirənlərlə bağlı danışarkən deyib.

31 yaşlı təcrübəli pəhləvan feysbukda yığmanın bu növdə ölkə tarixinin ən yaxşı komandası olduğunu yazıb.

İkiqat Avropa və ikiqat dünya çempionu millinin nəticələrinin göz önündə olduğunu söyləyib: "İstənilən şəxslə bu məsələdə debata hazıram. İdman nəticələr üzərində qurulub. Hansı yığmanın yaxşı olub-olmadığını qazanılan medalların sayından müəyyənləşdiririk. Tarixdə heç vaxt komanda şəklində Avropa çempionu olmamışdıq. İlk dəfə bunu bacardıq. Həmin il dünya çempionatında və Dünya Kubokunda gümüş medal da əldə etdik. Üç ardıcıl qələbə mənə bu fikirləri deməyə əsas verir".

Əzizli Azərbaycanda görkəmli yunan-Roma güləşçilərinin olduğunu vurğulayıb: "Amma onlar fərdi yarışlarda nailiyyətlər əldə ediblər. Rövşən Bayramov, Həsən Əliyev və Fərid Mansurov kimi güləşçilər öz dövrlərinin ən yaxşılarıdır. Amma bizdə heç vaxt bu vaxtkı kimi formalaşmış komanda olmayıb. Artıq 15 ildir ki, böyüklərdən ibarət yığmanın heyətindəyəm. Yunan-Roma güləşimizin tarixində elə milli olmayıb ki, bütün çəkilərdə Avropa və dünya çempionatlarında medallara sahib olsunlar. Bizdə 55 kq-dan, 130 kq-dək bütün komanda yoldaşlarım bu yarışlarda medalları var".

0