"Yarışa getməkdə başlıca hədəf dördüncü dəfə Avropa çempion olmaqdır, amma gözlənilməz hallardan özümü sığortalamaq üçün heç nə demək istəmirəm".
Bunu açıqlamasında Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov aprelin 17-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatı ilə bağlı danışarkən deyib.
82 kq çəki dərəcəsində çıxış edən idmançı yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcəyini bildirib: "Bəzən hər şey sənin istədiyin kimi olmur və gözlənilməz hallar yaşanır".
Hüseynov yarışa hazırlığın yüksək səviyyədə davam etdiyini söyləyib: "Komanda Xorvatiyada və Gürcüstanda təlim-məşq toplanışında olub. Mən yalnız qonşu ölkədəki hazırlıq prosesinə qatılmışdım. Son toplanış isə bu gün Bakıda start götürür".
Təcrübəli pəhləvan zədəsi barədə də danışıb: "Həkimlər Avropa çempionatında iştirakımın böyük təhlükə olmadığını bildirdilər. Amma eyni zamanda, zədənin ciddi olması və əməliyyatdan sonra müalicə prosesinin davam etməsi müəyyən çətinliklər yaradır. Milli Gimnastika Arenasında gimnastika yığmasının fizioterapevti ilə müalicə prosedurları keçirəm. Düşünürəm ki, Avropa çempionatında tam optimal səviyyədə olacağam".
Tokio-2020 Yay Olimpiya Oyunlarında 77 kq-da bürünc medal qazanan güləşçi hələlik 2024-cü ildə Fransanın paytaxtı Parisdə gerçəkləşəcək olimpiada haqqında heç nə fikirləşmədiyini sözlərinə əlavə edib: "Çünki yarışa iki il yarım vaxt var. Əsas hədəfim bu il Avropa və dünya çempionatında layiqincə çıxış etməkdir. Sonra qismət olsa, olimpiadanı düşünəcəyəm. Bizim 77 və 87 kq-da kifayət qədər güclü idmançılarımız var. Hələlik bu barədə danışmaq tezdir".