Avropa Kubokunun qalibi: "Bu medal dünya çempionatına düşmək üçün yaxşı addım oldu"

İDMAN
13:45 / 10.04.2023
773

"Bu medal dünya çempionatına düşmək istiqamətində yaxşı addım oldu".

Bunu Çexiyanın Teplitse şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanan Azərbaycan cüdoçusu Aslan Kotsoyev Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına müsahibəsində deyib.

90 kq-dan yuxarı çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı turnirin gözlənilən kimi çətin alındığını bildirib: "Amma mən çox sayda görüş keçirməyə öyrəşmişəm. Çünki Azərbaycan çempionatlarında adətən mənim çəkimdə 50-yə yaxın cüdoçu olur".

Kotsoyev bildirib ki, finalda yeniyetmələr arasında öz çəkisində hazırda dünyanın ən yaxşısı olan serbiyalı Duşan Qrahovatsı məğlub etmək onun üçün xoş olub: "Hədəfim bu il dünya çempionatında çıxış etməkdir. Qarşıma yüksək vəzifələr qoymuşam".

O, cüdoya gəlişindən də söz açıb: "Ailəmizdə əvvəlcə böyük qardaşım bu idman növü ilə məşğul olmağa başlayıb. Bu mənada atamın məni cüdoya getməyə məcbur etməsi təbii idi".

Həmyaşıdlarına məsləhət verən cüdoçu zirvəyə çatmaq üçün yalnız əzmkar məşqlər lazım olduğunu söyləyib.

Kotsoyev hazırlıq keçmədiyi vaxtlarda əsasən yatmağı çox sevdiyini əlavə edib.

0