İlham Əliyev o qızların Azərbaycana dəvət edilməsini tapşırdı - FOTO

İDMAN
19:14 / 18.04.2023
1017
"Mehriban xanım və mən əziz qızlarımız Cansu və Qəmzəni təbrik etdik. Birinci, ona görə ki, onlar Ermənistanda - düşmən dövlətdə, həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə bu böyük qələbəni əldə etdilər, Türk Bayrağını yüksəklərə qaldırdılar”.
 
HİT.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib.
 
"Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himnini səsləndirdilər. Türkiyənin Dövlət Himni elə səsləndi ki, orada oturan bütün düşmənlərin yəqin ki, qulağı batmışdı. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqının sevgisini qazandılar. Mən onları bir daha təbrik etmək istəyirəm. Bu gün mən Neftçala Olimpiya Kompleksinin açılışında olarkən gənclər və idman nazirinə tapşırdım ki, bizim qızlarımızı mənim adımdan Azərbaycana dəvət etsin və onlar bizim qonağımız olsunlar. Bu, bir daha bizim birliyimizi göstərir, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır. Biz birik və onlara ünvanlanan təbrik məktubunda da yazmışıq ki, Türkiyə Bayrağı olan yerdə biz də varıq və bütün Ermənistan onu gördü. Bir yaramaz bizim bayrağımızı yandırır, ertəsi gün qardaş Türkiyə dövlətinin şanlı bayrağı o düşmənlərin başının üzərində ucaldılır və onlar Türkiyənin Dövlət Himninə ayaq üstə qulaq asmağa məcbur olurlar.
 
Mən bir daha bizim gözəl qızlarımızı təbrik etmək istəyirəm. Biz onlarla fəxr edirik və əslində bu hadisə, hesab edirəm ki, tarixdə qalacaq, təkcə idman tarixində yox, bütövlükdə dünya siyasət tarixində, Türk dünyasının tarixində. Hər birimiz - Türk dünyasının hər bir övladı, bax, Cansu və Qəmzə kimi olmalıdır. Mənim arzum budur”, - dövlət başçısı qeyd edib.
 

0