PSG ilə müqaviləsi bitmək üzrə olan Lionel Messi yeni sözləşmə imzalamayıb. Argentinalı ulduzun mövsümün sonunda "Barselona"ya dönəcəyi deyilir.
Qaynarinfo "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya Messi ilə iki illik müqavilə imzalayacaq. Klub rəhbərliyi transfer gerçəkləşərsə forma satışları, matç biletləri, sponsorlar, sosial media və stadion ziyarətlərindən əldə edəcəyi gəlirlə maliyyə problemlərini həll etmək istəyir.
"Sport" qəzetinin xəbərinə görə, "Barselona" Messiyə illik 25 milyon avro maaş ödəcəyək. Argentinalı 25 milyon avroya Kataloniya klubuna dönərsə, Kriştiano Ronaldonun "Əl-Nəsr"də aldığı maaşdan 8 dəfə az qazanacaq. Portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı klubunda illik 200 milyon avro qazanır.
Bundan başqa Messiyə Səudiyyə Ərəbistanı klubundan - "Əl-Hilal"dan da təklif var. Amma bir neçə gün əvvəl "Barselona" prezidenti bir azarkeşin "Messi dönəcəkmi" sualına "hə" cavabını vermişdi.
Qeyd edək ki, Messi 2000-2021-ci illərdə "Barselona"da çıxış edib. Argentinalı ulduz 2021-ci ildə PSJ-yə keçib. O, cari mövsümdə Paris klubunun formasını 35 dəfə geyinib, 20 qol vurub və 18 məhsuldar ötürmə edib.