"Heydər Əliyev dedi ki, uduzsaq, özünüzdən küsün..."

İDMAN
23:07 / 01.05.2023
1071

Müxtəlif illərdə Azərbaycan gənclər və idman, gənclər, idman və turizm naziri və mədəniyyət naziri vəzifələrində çalışmış Əbülfəs Qarayevin Ümumilli Lider Heydər Əliyevlə bağlı geniş yazı dərc edilib.

Qol.az xəbər verir ki, "525-ci qəzet"də dərc olunan yazıda Ə.Qarayev idman sahəsinin də Heydər Əliyevin daimi diqqət mərkəzində olduğunu qeyd edib. O, əvvəlcə gənclər və idman naziri vəzifəsinə təyinatı vaxtı Ümummilli Liderlə görüşünə toxunub:

"Heydər Əliyev məni nazir təyin edəndə soruşdu ki, hansı partiyanın üzvüsən? Mən də dedim ki, Kommunist Partiyasının üzvü olmuşam, o vaxtdan sonra da heç bir partiyanın üzvü deyiləm. O dedi ki, sən heç bir partiyanın üzvü olmamalısan. Bütün gənclərin naziri olaraq, onların gələcək inkişafı üçün çalışmalısan..."

Ə.Qarayev qeyd edib ki, 1995-ci il martın 5-də Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri ilə görüş keçirdi: "Həmin tarixi görüşdə ölkədə bədən tərbiyəsi və idmanın gələcək inkişafı üçün yeni strateji istiqamət müəyyənləşdirildi. Heydər Əliyev dedi: "İdmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz". Onu da deyim ki, sonralar Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 5 mart tarixi Azərbaycanda "Bədən tərbiyəsi və idman günü" kimi təsis edildi... 1995-ci ildə müstəqil  Azərbaycanda ilk dəfə beynəlxalq idman tədbiri - sambo üzrə Avropa çempionatı keçirildi. Çoxlu xarici qonaqlar gəldi. Bu, gənc müstəqil respublikamızın həyatında böyük bir hadisəyə çevrildi və əsl idman bayramı yaşandı".

 

Ə.Qarayev yazıb ki, Azərbaycanda gənclər və idman siyasəti sahəsinə daha bir dönüş nöqtəsi 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə reallaşdı: "Onu da qeyd edim ki, həmin vaxt idman ictimaiyyətinin bu seçimi Ulu öndərin böyük sevincinə səbəb oldu. Bununla ölkəmizdə idman sahəsi yeni inkişaf yoluna qədəm qoydu. Ölkəmizin ayrı-ayrı yerlərində olimpiya kompleksləri açılmağa başladı. Heydər Əliyev onların açılışında şəxsən iştirak edirdi. Bütün bu tədbirlərin nəticəsində ölkə idmanı inkişaf etdi, beynəlxalq yarışlarda medalların sayı artdı, bayrağımız zirvələrdə dalğalanmağa başladı və Azərbaycan dünyada bir idman ölkəsi kimi tanındı. 1996-cı ildə Atlantada, 2000-ci ildə Sidneydə Yay Olimpiya Oyunlarında uğurla iştirak etdik..."

Ə.Qarayev 1996-cı ildə keçirilmiş Azərbaycan - İsveçrə oyunu ilə bağlı da maraqlı xatirəsini bölüşüb: "Bu yerdə bir maraqlı hadisəni də yada salmaq istərdim. 1996-cı il. Azərbaycan ilk dəfə futbol üzrə dünya çempionatının (1998-ci il çempionatı) seçmə qrup mərhələsində iştirak edir. Millimiz Bakıda İsveçrə ilə qarşılaşırdı. Heydər Əliyev də stadionda oyunu izləyirdi. Hökumət üzvləri də ordaydı. Elə oldu ki, birinci hissədə millimiz 1:0 önə keçdi. Ulu öndər ikinci hissəyə qalmadı. Biz xahiş etdik ki, fasilədən sonra da izləməyə davam etsin. O da dedi ki, mən öz işimi gördüm, gedirəm. Uduzsaq, özünüzdən küsün... Yaxşı ki, qarşılaşma 1:0 hesabı ilə də bitdi. Belə bir xoş xatirə də yaddaşımıza həkk olub..."

0