Aynur Sofiyeva yenidən Şahmat Federasiyasında

İDMAN
20:35 / 15.05.2023
868

Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat konfransı keçirilib.

AŞF-dən HİT.az-a verilən məlumata görə, qurumun prezidenti Mahir Məmmədov 2022-ci ilin yekunları barədə məruzə ilə çıxış edib, ötən ilin nəticələrini xatırladıb.

İclasda Azərbaycan Şahmat Federasiyasının üzvlüyünə yeni şəxslər qəbul edilib. Üzvlük meyarlarına əlavələr olunub. 2022-ci ilin və cari təqvim ilinin büdcəsi barədə konfrans iştirakçılarına məlumat verilib.

Konfransda Azərbaycan Şahmat Federasiyasının nizamnaməsinin bəzi bəndlərinə dəyişikliklər, İcraiyyə Komitəsinin üzvlərinin sayının artırılması və yeni üzvlərin seçilməsi məsələlərinə baxılıb.

Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev səsvermə ilə İcraiyyə Komitəsinin yeni üzvləri kimi təsdiqlənib.

Azərbaycan Şahmat Federasiyasının İntizam Komissiyası formalaşdırılıb. İlqar Xələfovla Ələmdar Məmmədov komissiyaya üzv, Elçin Məmmədov sədr seçilib.

Azərbaycan Şahmat Federasiyasının Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Qadın və Sosial məsələlər, Regional İnkişaf Komissiyalarının hesabatı dinlənilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlər barədə məlumat verilib.

Hesabat konfransından sonra Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

0