27 may tarixində Bakıda keçirilən Taekvondo üzrə Dünya Çempionatı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında keçirilən konsert möhtəşəm dron-şou ilə başa çatıb.
Şouda Müslüm Maqomayevin “Ey əziz anam, Azərbaycan” mahnısının sədaları altında 300 ədəd dron eyni vaxtda səmaya qaldırılaraq 28 May Müstəqillik Gününə dair heyranedici görüntülər sərgiləyib. Daha sonra bəstəkar Kamalın müəllifi olduğu “Xalq Heydər söyləyəcək” mahnısının müşayiəti ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan görüntülər Bakı səmalarında nümayiş olunub. Unudulmaz dron-şou Dünya Taekvondosunun himni və taekvondoya aid görüntülərin sinxron təqdimatı ilə başa çatıb.
Qeyd edək ki, təşkil olunmuş konsertin əsas ulduzları Respublikanın Xalq artisti Aygün Kazımova və Respublikanın Xalq artisti Miri Yusif olublar. Onlarla yanaşı, İlkin Fuad və Dj Nicolas-Mun da çıxışları ilə izləyicilərə maraqlı anlar yaşadıblar.
Xatırladaq ki, 29 may - 4 iyun tarixlərində sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondosunun 50 illiyinə təsadüf edir. 2500-dən artıq qonağın iştirak edəcəyi yarışa 145 ölkədən ümumilikdə 1000-ə qədər idmançı qeydiyyatdan keçib. 7 gün davam edəcək yarış Bakı Kristal Zalında baş tutacaq.
Giriş sərbəstdir.