Türkiyə "Qalatasaray"ı futbolçusu Xuan Mata ilə yollarını ayırıb.
HİT.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Xuan Mata "Qalatasaray"a ötən ilin sentyabrında İngiltərənin "Mançester Yunayted" klubundan keçmişdi. İstanbul klubunun heyətində 18 oyuna çıxaraq 3 qol vuran və 2 məhsuldar ötürmə edən 35 yaşlı yarımmüdafiəçi Super Liqanın qalibi olub.
Bu arada "Qalatasaray" Kaan Ayhanın transfer hüququnu alıb. Bu barədə də klubun rəsmi saytı məlumat yayıb. "Cim-Bom" buna görə İtaliyanın "Sassuolo" klubuna 2,8 milyon avro ödəyib.
Kaan Ayhan yanvarda "Sassuolo"dan icarəyə götürülmüşdü. 28 yaşlı stoper İstanbul klubunun heyətində 17 oyuna çıxaraq 2 qol vurub.