Sabah keçiriləcək "Neftçi" - "Beşiktaş" matçının biletləri bir neçə dəqiqə ərzində tükənib.
Əlbəttə ki, UEFA Konfrans Liqasında iki qardaş ölkənin komandalarının qarşı-qarşıya gəlməsinə maraq olduqca yüksəkdir. Lakin buna rəğmən, biletlərin dəqiqələr içində satılması birmənalı qarşılanmayıb. Hətta azarkeşlər bu vəziyyətə etiraz ediblər. Onlar, sosial şəbəkələrdə bilet ala bilmədikləri üçün narazılıqlarını bildiriblər. Üstəlik, bəziləri bunu "qara bazar"ın oyunu adlandırıblar.
Ümumiyyətlə, sözügedən matçın biletlərinin dəqiqələr içərisində bitməsini necə qiymətləndirmək olar?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, “Neftçi” - “Beşiktaş” oyununa biletlərin dəqiqələr ərzində satılıb qurtarmasında təəccüblü heç nə yoxdur:
"Bu oyuna böyük marağın olduğu bəlli idi. Bütün dünyada belədir: maraq kəsb edən oyunlara biletlər dəqiqələr ərzində satılır. Özü də daha böyük tutumu olan arenalarda da. Hətta xaricdə 50-60 min bilet dəqiqələr ərzində satılır. Ümumiyyətlə, “Neftçi” - “Beşiktaş” oyununa nə qədər bilet satışa çıxarıla bilər? “Beşiktaş”a və “Neftçi”nin qonaqlarına, rəsmi şəxslərə ayrılacaq biletləri nəzərə alsaq, uzaqbaşı 6 min bilet satışa çıxarılıb. Çünki arenanın tutumu bundan artıq bilet satışına imkan vermir. 6 min biletin də 500-1000 ədədini “Neftçi” rəsmiləri “qara bazar”da əritmək üçün götürəcəklər. Vəssalam. Yəni biletlərin bu qədər tez müddətə satılmasında təəccüblü heç nə yoxdur".
Jurnalist qeyd edib ki, əsl təəccüblü olan bu oyuna böyük marağın olduğu hər kəsə bəlli ikən, qarşılaşmanın "Bakı Olimpiya Stadionu"na deyil, "Neftçi Arena"ya salınmasıdır:
"Bir klubun əlinə avrokuboklarda bilet satışından yaxşı qazanc götürmək fürsəti düşüb, amma onlar bundan yararlanmırlar. Təəccüblü olan bax budur. Azərbaycan klublarında belə “peşəkarlar” söz sahibidirlər. Ona görə də futbolumuz bu durumdadır. Biz də nəyə təəccüblənməli olduğumuzu bilmirik. Belə kadrların unikal qərarlarına təəccüblənmək əvəzinə, 5-6 min biletin dəqiqələr ərzində satılmasına təəccüblənirik".
Pərviz