Türkiyənin "Beşiktaş" klubunun transfer hədəfindəki Anderson Taliska barəsində sürpriz gəlişmə yaşanıb.
HİT.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının ulduz futbolçunu əsas heyətdən kənarlaşdırdığı iddia olunur.
Üstəlik, onun Asiya Çempionlar Liqasının iştirak ərizəsindən də çıxarıldığı deyilir. Çünki Səudiyyə Ərəbistanındakı qaydalara əsasən klubların heyətində maksimum 5 xarici futbolçu ola bilər. "Əl-Nəsr"də isə Kriştiano Ronaldo, Sadio Mane, Seko Fofana, Marselo Berzoviç və Aleks Telles həmin siyahını doldurub.
Bu isə İstanbul klubunun azarkeşlərini həm sevindirib, həm də ümidləndirib. "Beşiktaş" da artıq 29 yaşlı futbolçunun transferi üçün hərəkətə keçib.
Qeyd edək ki, Anderson Taliska "Əl-Nəsr"də meydana çıxdığı 67 matçda 44 qol atıb, 8 məhsuldar ötürmə edib.
Pərviz