"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Super Liqa təmsilçisi “Adana Dəmirspor”la müqavilə imzalamağa yaxındır. Futbolçunun Adana təmsilçisi ilə 2+1 illik müqavilə imzalaması gözlənilir.
“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl də xəbəri təsdiqləyib və futbolçunun istəyi ilə bu qərarın alındığını bildirib.
Ümumiyyətlə, yay transfer pəncərəsi dönəmində bir neçə azərbaycanlı futbolçunun xarici klublara yolu açılıb.
İllərdir ki, azərbaycanlı futbolçuların legioner həyatı yaşaya bilməməsi ilə bağlı iradlar səsləndirilsə də, cari mövsümdə bu məsələnin inkişaf istiqamətlərini görmək mümkündür.
Bəs bu il hansı azərbaycanlı futbolçular xarici kıublarla anlaşıb?
Hit.az həmin futbolçuların siyahısını təqdim edir:
Azərbaycan millisinin üzvü Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubuna transfer olub. Tərəflər arasında iki illik müqavilə imzalanıb. Onun son komandası "Qarabağ" olub.
"Qarabağ"dan xarici kluba yollanan daha bir futbolçu Musa Qurbanlıdır. O İsveçin "Yurqorden" klubu ilə anlaşıb. Futbolçu Stokholm təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev də yolunu Türkiyədən salıb. Onun bu yay “Ümraniyespor” klubuna keçidi rəsmiləşib. Coşqun “Səbail”dən “Ümraniyespor”a transfer olunub.
Bu yay Albaniyanın "Eqnatiya" klubu Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin transferini açıqlayıb. 28 yaşlı hücumameylli yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb. Vüsalın son klubu "Sumqayıt" olub.
Aynur Əli