"Türkiyə çempionatında hər komandada türkdilli ölkələrin bir futbolçusunun legioner sayılmaması bizim üçün böyük üstünlükdür".
Bu sözləri HİT.az-a açıqlama verən tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.
O vurğulayıb ki, məhz bu məqam azərbaycanlı futbolçuların Türkiyəyə yolunu açır:
"Amma burada da rəqabət ciddidir. Hər komandadakı bir yerə təkcə Azərbaycan iddia etmir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan da bu fürsətdən yararlanmağa çalışacaq. Xüsusən də Qazaxıstan bu məsələdə üstün durumdadır. Ona görə ki, xeyli qazax futbolçu var ki, Rusiya çempionatında oynayır. Türkiyə klublarının skautları Rusiya çempionatını diqqətlə izləyirlər. Onlar bu çempionatda olan türkdilli ölkələrin futbolçularına üstünlük verirlər. Təəssüf ki, Rusiya çempionatında azərbaycanlı futbolçular var, amma Azərbaycan vətəndaşı olanlar yoxdur. Məsələn, “Beşiktaş” bu fürsətdən yararlanaraq Qazaxıstan yığmasının lideri Bəxtiyar Zaynutdinovu transfer etdi. Digər qazax futbolçularla da ciddi maraqlanan Türkiyə klubları var".
Ekspert qeyd edib ki, türkiyəli agentlər Azərbaycan çempionatına maraq göstərmirlər:
"Bizim ümidimiz nəyədir? Hazırda Türkiyədə oynayan azərbaycanlı futbolçular özlərini ən yaxşı tərəfdən göstərməlidirlər ki, Türkiyə klubları üzünü Azərbaycan çempionatına çevirsinlər. Renat Dadaşovu İsveçrədən gətirdilər. Şahruddin "Qarabağ"dan getdi, amma əsas heyətə düşə bilmir. Digər futbolçularımız isə aşağı dəstədə oynayırlar. Olsun, aşağı dəstədə də özünün sübut edib, Türkiyə klublarının marağını cəlb etmək olar. Bu fürsətdir.
Gözləmək lazım deyil ki, Türkiyə klubları azərbaycanlı futbolçulara maraq göstərəcəklər. Bizim futbolçular da Türkiyə çempionatında oynamaqda maraqlı olmalıdırlar. Yerli agentlər bu yöndə fəallıq göstərməlidirlər, Türkiyə klubları ilə əlaqələr genişləndirilməli, azərbaycanlı futbolçuların xidmətləri təklif edilməlidir".
Natiq Muxtarlının sözlərinə görə, Azərbaycanda 4-5 futbolçu var ki, rahatlıqla Türkiyə çempionatında özlərinə yer edə bilər:
"Onların Türkiyəyə getməsi həm də milli komandanın inkişafı baxımından vacib addım olardı. Bir sözlə, fürsət var, amma ondan maksimum yararlanmaq lazımdır. Çünki burada da rəqabət var. Bu rəqabətdə uduzmamaq üçün Azərbaycan klublarının, azərbaycanlı futbolçuların və agentlərin maraqları üst-üstə düşməlidir.
Elvin Cəfərquliyev, Toral Bayramov, Bəhlul Mustafazadə kimi futbolçular yubanmadan Türkiyə klublarına keçməlidirlər. Digər klublarımızda da Türkiyədə oynamaq potensialı olanlar var. Lazım gələrsə, Azərbaycan çempionatında legioner limiti ləğv edilməlidir. Bu addım azərbaycanlı futbolçuların ölkədən çıxışına təkan verəcək".
Pərviz