Klubların xarici investorlara satılması türk futbolunun inkişafına səbəb olacaq?

İDMAN
13:10 / 14.12.2023
500

Son zamanlarda xarici investorların Türkiyənin futbol klublarına olan marağı artıb. 

Artıq bir neçə ildir ki, bununla bağlı addımlar atılacağı gözlənilirdi. Hətta zaman-zaman "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" klubları ilə bağlı da sözügedən ehtimallar gündəmə gəlmişdi. Lakin İstanbul klubları və azarkeşləri xarici investorlara birmənalı olaraq qarşı çıxdılar. Nəticə etibarilə, xarici investorlar da digər klublara yönəldilər. 

Belə ki, İzmirin "Göztəpə" komandasının hissələri xarici investor tərəfindən satın alınan ilk türk klubu oldu. Ardınca isə İstanbulun "Başakşəhər" komandasının da satılacağı iddia olundu. Üstəlik, onun yeni sahibinin "Siti Qrup" olacağı önə sürülüb.

Nəzərə almaq lazımdır ki, Avropada xarici investorlara satıldıqdan sonra yüksəlişə keçən komandaların sayı artmaqdadır. "Çelsi", "PSJ", "Mançester Siti" bu siyahının başında gəlir. Son aylarda isə "Nyukasl Yunayted" və "Jirona" klublarının xarici investora satıldıqdan sonra necə sürətlə inkişaf etdiyini müşahidə edirik. 

Maraqlıdır, "Göztəpə" və "Başakşəhər" kimi komandaların xarici investorlara satılması türk futbolunun inkişafına təkan verə bilər? 

Tanınmış idman jurnalisti Natiq Muxtarlı HİT.az-a açıqlamasında bildirib ki, xarici investorların Türkiyə klublarına maraq göstərməsi onların perspektivli futbol bazarı gördüyünü sübut edir:

339841

"Xarici investor gözünü yumub yatırım etmir. Onlar bazarı araşdırır, perspektivi müəyyən edirlər. Çünki o investorlar pul yatırıb qazanc əldə etmək niyyətindədirlər. Futbol isə böyük biznesdir. 

Roman Abramoviç “Çelsi”ni cəmi 300 milyon avroya satın almışdı. Amma satanda 4 milyard qiyməti vardı. Və ya Qleyzerlər ailəsi “Mançester Yunayted”i 800 milyon avroya alıblar, lakin indi 5 milyarda da satmırlar. İngiltərə futbolu ilə bağlı məsələ aydındır. Premyer Liqanın tayı-bərabəri yoxdur. Ancaq görünür, investorlar Türkiyə futbolunda da “işıq” görürlər".

Həmsöhbətimiz qeyd edib ki, xarici investorların gəlişi Türkiyə futboluna ancaq xeyir verə bilər:

"Çünki onlar aldıqları klubların inkişafını istəyəcəklər ki, səhmləri bahalaşsın. Deməli, Türkiyə futbolunda ciddi rəqabət yaranacaq, idarəetmə daha peşəkar səviyyəyə yüksələcək. İnvestorların Türkiyənin “nəhənglər” siyahısından kənarda olan klubları alması da ölkədə futbolun inkişafı üçün məqbul addımdır. 

Bu klubların yaxşı maliyyəsi olacaq, deməli, “böyüklər”ə əlcək atacaqlar. Rəqabət artdıqca, peşəkar idarəetmə sistemi təkmilləşdikcə, çempionatın səviyyəsi yüksələcək və Türkiyə futboluna da maraq artacaq. Həmçinin, yayımdan, forma və bilet satışından gələn gəlir də çoxalacaq".

Natiq Muxtarlı əlavə edib ki, indi Avropanın TOP-5 liqasındakı klubların əksəriyyəti ABŞ və ərəb ölkələrinin investorları tərəfindən satın alınıb:
"Burada yeganə istisna Almaniyadır. Bu ölkənin futbol bazarı hələ ki, həmin çağırışı qəbul etmir. Ona görə də futbol biznesinə yatırım etmək istəyən investorlar yeni bazar axtarırlar. Belə cəlbedici bazarlardan biri də Türkiyədir. 

Türkiyənin futbol bazarı Belçika, Portuqaliya və ya Niderlandın futbol bazarından da cəlbedicidir. Böyük ehtimalla, bu, son olmayacaq. İnvestorlar digər klublara da maraq göstərəcəklər ki, bu da Türkiyə futbolunun xeyrinədir".

Pərviz

0