\"Qarabağ\"ın \"Braqa\"nı keçmək ehtimalları nə qədərdir? - ŞƏRH

17:00 / 21.12.2023
705

"Heç şübhəsiz ki, "Braqa" ciddi rəqibdir. Ümumiyyətlə, pley-off mərhələsində zəif rəqib olmur".

Bu sözləri tanınmış idman jurnalisti Natiq Muxtarlı HİT.az-a açıqlamasında deyib. 

O bildirib ki, "Qarabağ" da zəif rəqib deyil:

"Bu mərhələdə hər bir komandanın qalib gəlmək şansı var. Hələ pley-off oyunlarına təxminən 2 ay var. Həmin vaxt komandaların durumundan çox şey asılı olacaq. Heyətdə zədəlilərin olub-olmamağı da vacib amil sayılmalıdır. 

"Qarabağ" qış fasiləsindən qayıtdıqda komanda hansı durumda olacaq? Bu, ən vacib sualdır. Əgər zədəlilər olmasa, qısa vaxtda oyun ritmi bərpa edilsə, "Qarabağ"ın "Braqa"ya ciddi müqavimət göstərəcəyi dəqiqdir". 

340357

Həmsöhbətimizin sözlərinə görə, Portuqaliya klubu əhval-ruhiyyə komandasıdır:

"Yəni sabit çıxış etmir. Bu tur 3 top fərqilə qalib gəlib, növbəti turda 3 top fərqilə məğlub ola bilər. Hər bir komandanın zəif və üstün cəhətləri var. Sadəcə zəif cəhətləri kompensasiya etməyi, üstün cəhətlərdən maksimum yararlanmağı bacaran komanda meydandan qalib ayrılır. "Braqa" - "Qarabağ" oyununda az səhv edən, şanslarından maksimum yararlanan komanda növbəti mərhələyə adlayacaq. Mən "Braqa"nı aşkar favorit hesab etmirəm. "Qarabağ" rəqibə öz oyununu diktə edə bilsə, mərhələ adlamaq şansı var".

Amma jurnalist bir amili mütləq nəzərə almalı olduğumuzu vurğulayıb:

"Ümumiyyətlə, "Qarabağ"ın bu mərhələyə qədər yüksəlməsinin özü böyük uğurdur. Yəni Azərbaycan futbolunun belə vəziyyətində "Qarabağ"ın pley-offa adlaması sadəcə möcüzədir. Ona görə də, "atlar"ı təzyiq altında saxlamaq olmaz. Çıxıb mübarizə aparacaqlar, amma mərhələ adlamasalar, bu, heç bir halda uğursuzluq sayılmamalıdır. 

Reallığı nəzərə almalıyıq. Azarkeş hissi həmişə "qalib gəl" deyir. Amma peşəkar yanaşma reallığı nəzərə almağı tələb edir. Portuqaliya futbolu ilə Azərbaycan futbolu arasında yerlə göy qədər fərq var. Ona görə də, "Qarabağ"ı "mütləq mərhələ adlamalısan" deyib, basqı altına salmaq olmaz".

Natiq Muxtarlının fikrincə, "Qarabağ" Avropada özünün sübut edib:

"Heç şübhəsiz, "Braqa" bu komandaya hörmətlə yanaşacaq. Və "atlar"ın portuqallarla başabaş mübarizə aparmaq potensialı da var. İndi gözləyək, görək komandanın 2 ay sonra durumu necə olacaq. Heyətdə zədəlilər olmasa, "Qarabağ"ın mərhələ adlamaq şansı az olmayacaq".

Pərviz

0