"Neftçi"nin yeni baş məşqçisindən gözləntilər nələrdir? - "Səhv seçimdir"

İDMAN
15:00 / 27.12.2023
678

Məlum olduğu kimi, "Neftçi" növbəti dəfə baş məşqçi dəyişikliyinə getdi. 

Paytaxt klubu ötən günlərdə Adrian Mutu ilə də yollarını ayırdı. Onun yerinə isə monteneqrolu mütəxəssis Miodraq Bojoviç təyin olundu. Əlbəttə ki, "Neftçi"nin bu seçimi də birmənalı qarşılanmadı.

Maraqlıdır, Miodraq Bojoviç "Neftçi" üçün doğru seçimdir? 

Tanınmış idman jurnalisti Natiq Muxtarlı HİT.az-a açıqlamasında bildirib ki, futbolda baş məşqçi seçimi olduqca önəmlidir:

340774

"Onun oyun fəlsəfəsinin komandaya uyğun gəlib-gəlmədiyi araşdırılmalı, nəticələri təhlil olunmalıdır. İndi dünya klublarının əksəriyyəti uzunmüddətli oyun fəlsəfəsinə istinad edirlər. Yəni əsas komanda hansı oyun sisteminə üstünlük verirsə, aşağı yaş komandaları da eyni oyun sistemi əsasında hazırlıq keçirlər. Bu da futbolçuların gələcəkdə əsas komandaya qoşularkən adaptasiya olmasını asanlaşdırır. Ona görə də, klublar məşqçi dəyişərkən öz oyun sistemini diktə edən yox, komandanın oyun fəlsəfəsinə uyğun gələn mütəxəssis axtarırlar".

Lakin həmsöhbətimiz Azərbaycandakı vəziyyətin fərqli olduğunu diqqətə çatdırıb:

"Çox təəssüf ki, Azərbaycanda, o cümlədən “Neftçi”də baş məşqçi seçimi kor-koranə aparılır. Bu da ondan irəli gəlir ki, bizim komandalarda peşəkar idarəetmə sistemi yoxdur. Komandalara diletantlar rəhbərlik edir. Onlar isə idarəetmə sisteminə futbolu özlərindən də pis bilənləri, ya da dələduzları götürürlər. Nəticəsi isə “Neftçi”dəki kimi olur. Azərbaycan xalqının pulu əcnəbilərə paylanır, nəticə də yoxdur. Mutunun uğursuz olacağını hər kəs iddia edirdi, amma “Neftçi” rəhbərliyi öz bildiyini etdi".

Natiq Muxtarlı hesab edir ki, "Neftçi" baş məşqçi seçimində yenə də səhvə yol verib:

"Yeni baş məşqçi haqda da nəticələrinə görə fikir bildirməli olsaq, deməliyik ki, sabit mütəxəssis deyil. 21 ildə 20 komanda dəyişməsi ondan xəbər verir ki, bu məşqçi hələ də özünün tapa bilməyib. Bəs “Neftçi” rəhbərliyi onu hansı keyfiyyətlərinə görə seçib? Ola bilsin ki, onun məhz “Neftçi”də özünü tapacağına inanırlar. Təki belə olsun. Amma hazırda ekspertlər və jurnalistlər bu məşqçinin indiyəqədərki karyerasına nəzər salıb mühakimə yürüdürlər. Müzakirələrin nəticəsi budur ki, Bojoviç uğursuz olacaq. 

Bilirsiniz ki, o, bir neçə Rusiya klubunda da çalışıb. Rusiyalı mütəxəssislər də onun “Neftçi” ilə anlaşmasına münasibət bildirirlər və fikir birmənalıdır: Uğursuz olacaq. Deməli, yenə də xeyli vəsait əcnəbilərə veriləcək və nəticə olmayacaq. Təki biz yanılaq, Bojoviç Azərbaycanda rəqabətədavamlı komanda qursun. Çünki Azərbaycan çempionatında rəqabətin olması futbolun inkişafı üçün başlıca amillərdən biridir. Amma ilkin təəssürat budur: “Neftçi” rəhbərliyi yenə də səhv seçim edib".

Pərviz

0