Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin kim olacağı hələ də məlum deyil.
İndiyə kimi bir çox mütəxəssisin adı gündəmə gəlsə də AFFA bununla bağlı yekun qərar verməyib. Yerli və xarici kütləvi informasiya vasitələrində yayılan bəzi xəbərlərə əsasən, bir neçə funksioner ilə görüşülsə də razılıq əldə olunmayıb. Buna baxmayaraq, hələ də axtarışlar davam etdirilir.
Bəs nə üçün indiyə kimi millimizin yeni baş məşqçisi müəyyənləşməyib?
"ATV" kanalının idman şöbəsinin rəhbəri, tanınmış aparıcı Sənan Şəfizadə HİT.az-a açıqlamasında bildirib ki, milli komandamıza yeni baş məşqçi təyinatı olmamasını normal qarşılamaq lazımdır:
"Çünki yaxın zamanlarda milli komandamızın oyunları olmayacaq. Ən yaxın matç mart ayında keçiriləcək. Üstəlik, bu məsələdə tələsmək olmaz. Onu da nəzərə almaq lazımdır ki, təxminən 2 aydan sonra AFFA-da prezident seçkiləri keçiriləcək. Ona görə də tələsik qərar vermək çətindir. Bəlkə yeni rəhbərlik yeni baş məşqçinin işindən razı olmayacaq və ya onun namizədliyini dəstəkləməyəcək. Məncə, bununla bağlı daha çox müzakirənin getməsi normaldır".
O xatırladıb ki, Canni de Byazi ilə müqavilənin müddətinin bitməsinin üzərindən heç bir ay keçməyib:
"Yəni tələsmək lazım deyil. Hazırda bir çox namizədin üzərində dayanırlar. Düşünürəm ki, milli komandamızla müqavilə imzalamaq istəyən mütəxəssis az deyil. Sadəcə olaraq, AFFA rəhbərliyi daha dəqiq və doğru qərar vermək istəyir".
Sənan Şəfizadə hesab edir ki, Azərbaycan yığmasının yeni baş məşqçisi də əcnəbi olacaq:
"Yerli baş məşqçi seçimi ediləcəyinə inanmıram. Məncə, namizəd seçimində tərəddüd edilməsi də normaldır. Çünki yeni ilin ilk oyununa hələ kifayət qədər vaxt var. Rəsmi oyunlar üçün isə ümumiyyətlə vaxt çoxdur. Bu məsələdə diqqətli olmaq lazımdır. Çünki baş məşqçi millimizdə ən azı bir seçmə mərhələdə işləyəcək. Bu səbəbdən də tələsməyə ehtiyac yoxdur. Bir az gec olsun, amma heç olmasa bu dəfə səhv qərar qəbul etməyək".
Pərviz