"Qarabağ"ın tarixi uğurunun sirri nədir? - "Qurban Qurbanov sübut etdi ki..."

İDMAN
15:37 / 26.02.2024
744

"Qarabağ"ın Avropada tarixi nəticələrə imza atmasından sonra yaşanan coşğu hələ də davam etməkdədir. 

Ağdam klubu UEFA Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlməyi bacaran ilk Azərbaycan klubu olaraq tarixə keçdi. Üstəlik, "Qarabağ" bu uğura bir anda da nail olmadı. Ağdam təmsilçisi illərdir ki, Avropada çox uğurlu şəkildə çıxış edir və hər mövsüm yeni uğurlara nail olur. Sonuncu uğur da illərdir verilən əməyin bəhrəsi idi. 

Bəs digər komandalarımızdan nə üçün bənzər uğurlar görmürük? Ümumiyyətlə, "Qarabağ"ın Avropada tarixi uğurlara imza atmasının əsas səbəbləri nələrdir? Ağdam klubunun doğru etdiyi, digər komandalarımızın edə bilmədiyi həmlələr hansılardır?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, “Qarabağ”ın əldə etdiyi uğurun əsas səbəbi idarəetmədən qaynaqlanır:

"Bu idarəetmənin sirri nədir? Çörəyi çörəkçiyə tapşırmaq. Çörək çörəkçiyə tapşırılacaqsa, çörək də olacaq. Qurban Qurbanov sübut edir ki, Azərbaycanda minimum vəsaitlə də futbolu inkişaf etdirmək olar. Qurban Qurbanov sübut edir ki, Azərbaycanda istedadlı mütəxəssislər var, sadəcə onlara dəyər vermək lazımdır.

Azərbaycanda elə klublar var ki, “futbolun inkişafı” adı altında dövlətdən daha çox vəsait alır. Amma ortada nəticə yoxdur. Çünki o komandaların sağlam idarəçiləri yoxdur. Onların məqsədi futbolu inkişaf etdirmək yox, pul “yumaq”dır. Təəssüf ki, əksər klublarımızın, o cümlədən AFFA-nın idarəetmə sistemi uzun illər dələduzların monopoliyasında olub".

344584

Natiq Muxtarlı hesab edir ki, "Qarabağ"ın uğurlarına hamı sevinmir:

"Siz elə bilirsiniz, Azərbaycanda hamı “Qarabağ”ın bu uğuruna hamı sevinir? Qətiyyən belə deyil. Futbol adına milyonları sovuranlar hər belə uğurdan sonra xoflanırlar, qorxuya düşürlər. Fikirləşirlər ki, bir gün gəlib yapışacaqlar yaxalarından və deyəcəklər: Hanı xərclədiyiniz milyonların nəticəsi? Hanı xaricdən gətirdiyiniz məşqçilərə, hər altı aydan bir dəyişdirdiyiniz 10-15 legionerlərə verdiyiniz vəsaitlər? 

Bu suallara isə cavab vermək mümkünsüzdür. Belə idarəçilərin uzun illər bir alibisi olub: Azərbaycanda futbolun olması mümkün deyil, çünki azərbaycanlılar futbol oynaya bilmirlər. Amma Qurban Qurbanov onların bu iddialarını alt-üst edir. Bu gün Avropa azərbaycanlı mütəxəssisdən danışır. Avropa bu azərbaycanlı məşqçinin “Qarabağ”ından danışır. Avropa standartlarında çox kiçik büdcəyə sahib olan, amma rəqabətədavamlı olmağa bacaran “Qarabağ”dan". 

Ekspert qeyd edib ki, hər şey göz önündədir:

"İş peşəkarlara tapşırılsa, Azərbaycanda futbol olar. İş peşəkarlara tapşırılsa, dövlətin ayırdığı vəsait dələduzların varlanmasına yox, futbolun inkişafına sərf olunar. Hər şey idarəetmə sisteminə bağlıdır. AFFA-da və klublarda uzun illərdir kök salan korrupsiyalaşmış sistem dağıdılsa, Azərbaycanda bir yox, bir neçə “Qarabağ” olar. Bir neçə “Qarabağ”ın olması isə rəqabət deməkdir. Rəqabət olan yerdə də mütləq inkişaf olacaq".

Pərviz

0