"Beşiktaş" rəsmisi Bakıya gəlir - 8 milyonluq transfer baş tutur?

İDMAN
11:45 / 23.03.2024
582

Türkiyənin "Beşiktaş" klubu növbəti mövsüm üçün transfer çalışmalarına başlayıb. Cari mövsümdə çempionluq yarışını erkən tərk edən "Qara Qartal" iddialı heyət qurmaq niyyətindədir. Bu məqsədlə klubun futbol direktor Samet Aybaba xaricdə bir çox matçı izləyərək, futbolçu seçir. 

Qaynarinfo xatırladır ki, klub rəsmisi Avropa Liqaının "Bayer" (Leverkuzen) - "Qarabağ" matçını canlı izləyib. "Fotomaç"ın məlumatına görə, Samet Aybabanın ən çox bəyəndiyi futbolçu "Qarabağ"ın üzvü Juninyo olub. Məlumata görə, İstanbul klubu "Bayer"lə oyunlarda 2 qol vuran braziliyalının trasnferi üçün artıq hərəkətə keçib.

Bildirilir ki, Samet Aybaba rəhbərliyə təqdim etdiyi hesabatda Juninyo üçün "Çoxşaxəli oyunçudur, onu heyətimizə qatmaq bizə böyük güc verəcək" yazıb. Bu hesabatdan sonra "Beşiktaş" rəhbərliyi "Qarabağ"la ilkin danışıqlar aparıb. 

Məlumata görə, Ağdam klubu Juninyo üçün 8 milyon avroluq transfer haqqı tələb edib. "Fotomaç"ın məlumatına görə, "Qarabağ" danışıqlar zamanı bu məbləğdə güzəştə gedə bilər.

Qeyd edilir ki, Samet Aybabanın mövsüm bitməmiş Azərbaycana səfər edərək Juninyonun transferi üçün danışıqlar masasına oturacaq və keçidi bitirəcək. 

Juninyonun əsas mövqeyi mərkəz hücumçusudur. Lakin 27 yaşlı futbolçu bu bölgədən kənarda sağ və sol cinahda da oynaya bilər. 

Qeyd edək ki, Juninyo "Qarabağ"a ötən yay Portuqaliyanın "Şaveş" klubundan 450 min avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 1 milyon avro qiymət qoyduğu braziliyalı cari mövsümdə bütün turnirlərdə 43 oyuna çıxıb, 23 qol vurub və 8 məhsuldar ötürmə edib.

0