“Qarabağ” bu göstəriciyə görə “Real”ı qabaqlayır - ARAŞDIRMA

23:17 / 08.04.2024
484

“Qarabağ” 2023/2024 mövsümündə Avropanın milli çempionatlarında ən çox qələbə qazanan komandalar sırasındadır.

Ağdam təmsilçisi Premyer Liqada keçirdiyi 29 oyunun 23-də qalibiyyət sevinci yaşayıb.

Qurban Qurbanovun kollektivi bu göstəriciyə görə qitənin ən yaxşı 14-cü komandasıdır. İspaniya nəhəngi “Real” da La Liqada eyni sayda qələbə qazanıb. Lakin “Kral klubu” bunu 30 qarşılaşmada reallaşdırdığından, “Qarabağ”dan geri qalır.

“Böyük beşlik” ölkələrindən yalnız İtaliya “İnter”i və Almaniya “Bayer 04”ü Azərbaycan çempionunu qabaqlayır. Onların hesablarında müvafiq olaraq 25 və 24 qalibiyyət var.

Siyahıya Uels təmsilçisi TNS başçılıq edir. Adıçəkilən komanda ölkə çempionatında 29 matçın 27-də rəqiblərindən güclü olub. Türkiyə klubu “Qalatasaray”da da eyni sayda qalibiyyət var. Lakin İstanbul təmsilçisi bunu 31 matçda reallaşdırıb. İlk “üçlüy”ü Türkiyənin digər komandası “Fənərbağça” qapayır. “Fənər” 26 dəfə hesabına üç xal yazdırıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çempionluğu təmin edən “Qarabağ” 29 matçın 23-də qələbə qazanıb, üç dəfə heç-heçə edib, üç dəfə məğlub olub.//report.az

0