Xarici VAR hakimləri Türkiyə futbolunda nəyi dəyişəcək?

İDMAN
14:43 / 15.04.2024
596

Türkiyə Super Liqasında kritik matçlarda VAR hakimi xarici olacaq.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar verib. Son zamanlarda bir çox komandanın xarici hakim tələbindən sonra bu addım atılıb. Artıq sözügedən qərarın icrasına da başlanılıb. Belə ki, "Ankaragücü" - "Qaziantep Futbol Klubu" və "Fatih Karagümrük" - "Fənərbağça" matçlarında VAR hakimi xarici olub. 

Bəs xarici VAR hakimi Türkiyə futbolundakı kobud hakim səhvlərini azaldacaq? Bu, Super Liqada yaxın gələcəkdə əsas hakimin də xarici olmasını da zəmin yarada bilər?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, Türkiyə futbolunun problemi hakimlər deyil:

"Türkiyə futbolunun problemi qeyri-peşəkar klub idarəçiləridir. Hansı ki, onlar milyonları xərcləyirlər, nəticə olmadıqda isə “günah keçisi” axtarırlar. Ən rahat qurban da hakimlərdir. Bu gün Türkiyə futbolunda ən xırda hakim səhvi belə qlobal faciə kimi qələmə verilir. Telekanallar qarşılaşmalardan sonra hakim səhvlərini saatlarla müzakirə edirlər. Aydın hiss olunur ki, onlar klublardan gələn sifarişi yerinə yetirirlər".

347903

Ekspert qeyd edib ki, hakim səhvləri dünyanın hər yerində olur:

"Məsələn, İngiltərə Premyer Liqasında bu mövsüm VAR hakimləri 20 kobud səhvlə yadda qalıblar. Bu səhvlərin 6-sı “Liverpul”a qarşı olub. Yəni “Liverpul” sırf VAR hakimlərinin səhvi ucbatından xeyli xal itirib. Bəlkə də bu səhvlər “Liverpul”a çempionluq bahasına başa gələcək. İndi “Liverpul” nə etməlidir? Deməlidir ki, Premyer Liqanı tərk edib Türkiyə Super Liqasına keçirəm? Onlar bu səhvləri heç müzakirə belə etmirlər".

Natiq Muxtarlının sözlərinə görə, xarici VAR hakimlərinin gəlişi Türkiyə futbolunda heç nəyi dəyişməyəcək: "Lap meydan hakimlərini də əcnəbilərlə əvəz etsələr, eyni tendensiya olacaq. Yəni hakim səhvləri yenə də baş verəcək. Və klublara da “günah keçisi” lazım gələcək. Bu dəfə başlayacaqlar əcnəbi hakimləri tənqid etməyə. 

Deyəcəklər ki, onları dəvət etmək yanlış qərar idi. Baxmayaraq ki, onların dəvət olunması da, məhz ictimai təzyiq, o cümlədən mətbuatın təzyiqi ilə olub. Türkiyənin idman mətbuatı qeyri-peşəkardır. Onlar klublardan asılıdırlar. Klublardan aldıqları sifariş əsasında hərəkət edirlər. Ona görə də, hakimlərin dəyişməsi prosesə təsir etməyəcək".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Türkiyənin ictimai rəyi sağlam olmalıdır:

"Nə qədər bu ictimai rəy sifarişlə işləyir, belə qalmaqallar həmişə olacaq. Onlar ən xırda hakim səhvlərini də qloballaşdırıb ondan faciə düzəldəcəklər. Bu amilləri nəzərə alıb, iddia edə bilərik ki, əcnəbi VAR  hakimlərinin gəlişi Türkiyə futboluna yaxşı mənada heç nə verməyəcək. Ola bilsin ki, bir-iki tur ağızlarına su alıb dayansınlar. Amma sifariş alan kimi danışmağa başlayacaqlar".

Pərviz

0