Qurban Qurbanov yenidən Azərbaycan millisinin baş məşqçisi olacaq? - AÇIQLAMA 

İDMAN
14:55 / 13.05.2024
862

Son zamanlarda Qurbanov Qurbanovun da adı Azərbaycan milli komandası ilə hallanır. 

Azarkeşlərin və futbol ictimaiyyətinin əksəriyyəti onun yenidən yığmamızın baş məşqçisi olmasını istəyirlər. Hətta Qurban Qurbanovun növbəti dəfə eyni anda həm "Qarabağ"ı, həm də millimizi çalışdırmasını istəyənlərin sayı kifayət qədərdir. 

Bəs mövcud vəziyyətdə bu variantı nəzərdən keçirmək olar? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, azarkeşlər və futbol ictimaiyyəti Qurban Qurbanovu sehrbaz hesab edirlər:

350165

"Bunlarda belə qənaət haradan yaranıb? Əlbəttə ki, “Qarabağ”ın uğurlarından. Çünki hər kəs bilir ki, Azərbaycan şərtlərində “Qarabağ” kimi komanda olmamalıdır. Amma var. Hər kəs də anlayır ki, bu “Qarabağ” Qurban Qurbanovun əsəridir. Hətta Azərbaycanda ikinci bir “Qarabağ”ı yaratmaq mümkün deyil. Ona görə də, belə qənaət formalaşıb ki, Qurban Qurbanov gəlsə, yığma komanda da xarüqələr yaradacaq".

Lakin ekspert bu düşüncəni "cəfəngiyat" adlandırıb:

"Qurban Qurbanovu əvvəlki AFFA rəhbərliyi aldadıb yığma komandaya aparmışdı. Lakin heç nə alınmadı. Buna baxmayaraq, Azərbaycan futbolu az qala Qurban Qurbanovu da, “Qarabağ”ı da itirəcəkdi. 

Ona görə də, Qurban Qurbanovun növbəti dəfə səhv edəcəyini, "tələ"yə düşəcəyini güman etmirəm. İctimaiyyət birdəfəlik başa düşməlidir ki, Azərbaycan yığmasının heç bir perspektivi yoxdur".

Natiq Muxtarlının sözlərinə görə, yığma o vaxt nəticə verəcək ki, Azərbaycanda futbolçu yetişdiriləcək:

"O futbolçular Azərbaycan çempionatında yox, xaricdə rəqabət apara biləcəklər. Onda yığmaya kimin rəhbərlik etməsi haqda sual aktual olacaq. Onda düşünmək olar ki, əlimizdə material var, hansı mütəxəssisə tapşıraq ki, nəticə də olsun. İndiki halda yığma ilə baş qatmaq Don Kixotun yel dəyirmanları ilə vuruşmasına bənzəyir. Qoy ictimaiyyət Qurban Qurbanovu rahat buraxsın ki, heç olmasa, “Qarabağ”ı qorumaq mümkün olsun".

Pərviz

0