Futbol millimizin baş məşqçisi kim olacaq?

İDMAN
12:30 / 28.05.2024
492

Natiq Muxtarlı: “Baş məşqçinin kimliyindən asılı olmayaraq bu millinin heç bir perspektivi yoxdur”

Futbol üzrə Azərbaycan milli komandasının Albaniya və Qazaxıstan yığmaları ilə keçirəcəkləri yoldaşlıq oyunları üçün baş məşqçisi məlum olub. Musavat.com-un məlumatına görə, bu barədə “Sputnik” xəbər yayıb. 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandanın müvəqqəti olaraq yenidən Albaniya (7 iyun) və Qazaxıstan (11 iyun) komandaları ilə yoldaşlıq oyunları zamanı komandaya rəhbərlik edəcək Arif Əsədova həvalə edilməsi barədə qərar qəbul edib.

Bəs Arif Əsədovun millinin daimi məşqçi kimi təsdiqlənməsi mümkünmü? Buna nə mane olur? Ölkənin futbol ictimaiyyəti, idman mütəxəssisləri bu xüsusda nə düşünür?

Tanınmış idman yazarı Natiq Muxtarlı baş məşqçinin kim olmasının önəmini görmür: “Dəfələrlə demişik, Azərbaycan futbolunun problemi "millinin baş məşqçisi kim olsun" deyil. Baş məşqçinin kimliyindən asılı olmayaraq bu millinin heç bir perspektivi yoxdur. AFFA rəhbərliyi ölkə futbolunun əsas problemlərinə köklənməlidir, “millinin baş məşqçisi kim olsun” sualı ilə baş qatmamalıdır. Azərbaycan futbolunda infrastruktur yoxdur. İstər uşaq, istərsə də böyük futbolda. Ölkənin ikinci ən böyük şəhərinin komandası qaçqın həyatı yaşayır. Naxçıvan boyda bölgənin komandası Bakıda məskunlaşıb. Kimə lazımdır belə bölgə komandaları? Bəs onlar niyə Bakıdadır? Ona görə ki, infrastruktur yoxdur. İndi görün uşaq futbolunda durum necədir. AFFA rəhbərliyi millini yerli məşqçiyə tapşırmalı, açıq şəkildə də bəyan etməlidir ki, bu yığmanın heç bir perspektivi yoxdur. Millilərə ayrılan vəsait kəskin şəkildə azaldılmalıdır. Bu maliyyə infrastrukturun qurulmasına, uşaq futbolunun inkişafına yönəldilməlidir. 

İndiki vaxtda milliyə əcnəbi məşqçilər gətirib onlara milyonlar vermək xəyanətdir. Azərbaycan futbolunun problemləri bəllidir, onların  üstünə getmək, onları həll etmək üçün strategiya müəyyənləşdirmək lazımdır. Millinin baş məşqçisi ilə bağlı manipulyasiya edənlər iş görə bilməyənlər və ya görmək istəməyənlərdir".

İdman mütəxəssisi Kənan Məstəliyev hesab edir ki, Arif Əsədovun baş məşqçi olma şansları çox aşağıdır: “Arif Əsədov müvəqqəti namizəddir. Yerli məşqçiyə etimad edilsə belə, onun seçilmək şansı yoxdur. Çünki bu müddət ərzində o özünü hansısa bir tərəfdən müsbət bacarığı, diqqətçəkən üstünlüyü ilə göstərməyib. Sadəcə, De Byazidən qalan adam odur. Sistemi tanıyır. Onu müvəqqəti olaraq bu oyunlara təyin ediblər. Arif Əsədovun baş məşqçi olma ehtimalları çox aşağıdır. Əgər yerli məşqçi olacaqsa, məsələn, Qurban Qurbanov, Samir Abbasov və digərləri ola bilər. Bu şəxslərin şansları daha çoxdur, nəinki Arif Əsədovun. Futbol mütəxəssisləri, ölkə ictimaiyyəti yaxşı bilir ki, Arif Əsədov bu işin öhdəsindən gələ bilməz. Onun əvvəllər də oynatdığı futbol müasir futbola yaxın deyildi. Son vaxtlar ortaya qoyduğu işlər də onu göstərir ki, Arif Əsədov bu potensiala malik deyil. Xarici mütəxəssisin baş məşqçi olma ehtimalı daha çox görünür. Əcnəbi mütəxəssislə artıq danışıqlar da gedir. Sadəcə, proses bir qədər ləngiyir. Bir sözlə, yeni mütəxəssis əcnəbi olacaq. Slovakiyalı mütəxəssisin adı çəkilir. Almaniya mütəxəssislərindən biri də ola bilər. Məncə, Arif Əsədovun namizədliyi müzakirə olunmur”.

0