Avro-2024-ü qazanmağa əsas favorit hansı ölkələrdir?

İDMAN
11:32 / 24.06.2024
683

"Avropa çempionatında qrup mərhələsinin ilk iki turundan sonra bəzi nəticələrə çıxarmaq mümkündür". 

Bu sözləri tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, əvvəlcədən favorit göstərilən komandalar istəklərinə nail olurlar:
"Yəni artıq sensasion sürprizin olacağı gözlənilmir. İspaniya, Fransa, Almaniya, İngiltərə və Portuqaliya ilk iki turdan sonra əsas favoritlər hesab olunurlar. Elə çempionat başlamazdan əvvəl də mütəxəssislər bu komandaları favorit göstərirdilər. Ancaq bu yığmalar iki kateqoriyaya bölünür: baxımlı futbol oynayanlar, nəticəyə uyğun futbol sərgiləynələr. 

İspaniya, Almaniya, qismən də Portuqaliya baxımlı futbola üstünlük verir. Amma Fransa ilə İngiltərə sırf nəticəyə oynayırlar".

Ekspert Avropa Çempionatını qazanmağa əsas favoritin kim olduğu ilə bağlı suala isə belə cavab verib:


"Oyun keyfiyyətini nəzərə alsaq, əsas favorit İspaniyadır. Amma ispanlar Fransanın praqmatik futbolu qarşısında nə edəcəklər? Bu suala cavab vermək çətindir. İspaniya nə qədər baxımlı, yaradıcı futbol oynasa belə, Fransanın da nəticəyə hesablanmış taktika ilə qalib gəlmək şansı var. Böyük ehtimalla, bu iki komandadan biri Avropa çempionu olacaq".

Natiq Muxtarlı hesab edir ki, Belçika da sürpriz komanda ola bilər:


"Belçika qrup mərhələsini adlaya bilsə, pley-offda böyüklərə əlcək ata biləcək yeganə komandadır. Digər komandalar yalnız ciddi rəqabət göstərə bilərlər, vəssalam. Düşünürəm ki, böyüklərin təcrübəsi və heyətdəki futbolçuların keyfiyyəti nəticəni əldə etməyə yetərlidir. 

Hətta yaradıcı olmayan futbolla belə buna nail ola bilərlər. Ümumiyyətlə, usta futbolçular hər taktiki sxemdə oynamağa qadirdirlər. Ona görə də, proqnozum belədir: çempionatın əsas favoriti İspaniya və Fransadır. Amma Portuqaliya, İngiltərə və Almaniyanın da qalib gəlmək şansı var".

Pərviz

0