Roman Qriqorçuk "Neftçi"də uğurlu olacaq? - ŞƏRH

İDMAN
11:21 / 28.06.2024
257

"Heç şübhəsiz, Roman Qriqorçuk Azərbaycan futboluna töhfə vermiş, burada uğur qazanmış məşqçidir". 

Bu sözləri tanınmış idman jurnalisti Natiq Muxtarlı "Neftçi"nin Roman Qriqorçuku baş məşqçi təyin etməsi ilə bağlı Hit.az-a şərhində deyib. 

O bildirib ki, Qriqorçukun sıfırdan komanda qurub nəticə əldə etməyi bacarması faktdır:

"O, bunu “Qəbələ”də sübut edib. Roman Qriqorçukun futbolçu seçimi də əladır. “Qəbələ”yə gətirdiyi futbolçular MDB səviyyəsində belə ortabab sayılırdılar. Amma onlarla iki il dalbadal 4 mərhələ keçərək Avropa Liqasının qruplarında mübarizə apardı. Bu, asan iş deyil. Bu amilləri nəzərə alsaq, təbii ki, “Neftçi”nin seçimi uğurlu sayılmalıdır. Amma yalnız seçimi".

353035

Lakin ekspert onun "Qəbələ"də etdiklərini "Neftçi"də edə biləcəyinə şübhə ilə yanaşıb:

"Roman Qriqorçukun “Qəbələ”də olduğu kimi “Neftçi”də də uğurlu ola biləcəyi ilə bağlı suala birmənalı cavab vermək çətindir. Bir məşqçinin uğur qazanması üçün rəhbərliyin də peşəkar yanaşması tələb olunur. Eyni zamanda, komandada sağlam düşüncəli kadrlar olmalıdır. 

Nəzərə almaq lazımdır ki, “Qəbələ” əvvəlcə infrastruktur qurdu, baza yaratdı, futbol akademiyası açdı və hər cür şərait formalaşdırdı. Ondan sonra isə Avrokuboklar haqda düşündü. Üstəlik, futbolçu seçimində məşqçiyə tam sərbəstlik verdilər, etibar etdilər".

Natiq Muxtarlı hesab edir ki, "Neftçi" rəhbərliyi Roman Qriqorçukun işinə müdaxilə edəcək:

"87 yaşlı komandanın nə bazası, nə stadionu, nə də uşaq futbolu var. Sanki “Neftçi” 87 yaşlı "bomj"dur. Üstəlik, bu klubun rəhbərliyində olan hər kəs potensial menecerdir. Onların Qriqorçuka sərbəstlik verəcəyi və onun şərtlərini yerinə yetirəcəkləri də inandırıcı görünmür. Əgər biz yanılsaq, Qriqorçuk Azərbaycan çempionatında rəqabət apara biləcək komanda quracaq. Yox, proqnozlarımız özünü doğrultsa, yəni Qriqorçuk diletant kadrları başa sala bilməsə, onda bir ildən sonra öz başını götürüb Azərbaycandan qaçacaq".

Mütəxəssis onu da vurğulayıb ki, Azərbaycan futbolunda məşqçi problemi yoxdur, kadr problemi var:

"Nə qədər ki, futbol təsərrüfatında qeyri-peşəkarlar söz sahibidirlər, bura kimi gətirirsiniz, gətirin, uğur olmayacaq. İslahat idarəetmədən başlamalıdır. Amma yenə də ümid edək ki, “Neftçi”nin diletant rəhbərlərinə kimsə təpinəcək ki, anlayışınız olmayan yerə başınızı soxmayın, Qriqorçukun işinə qarışmayın. Ümid edək...".

Pərviz

0