Son günlərin ən maraqlı xəbərlərindən biri də azərbaycanlı iş adamı Nizami Piriyevin oğlu Nəsibin Fransanın "Olimpik” (Marsel) klubunu almaq istəyi haqda yazılanlardır.
1958-ci il yanvarın 11-də dünyaya gələn Nizami Piriyev 1992-2002-ci illərdə "PNN Arkansas Inc” neft-qaz şirkətinin prezidenti, Rusiyanın "StroyTransGasOil” neft-qaz şirkətinin baş direktoru olub.
2006-ci ildə Bakıya qayıdıb və burda iş qurub. 2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib.
Nizami Piriyev ad-soyadını Azərbaycan publikasına daha çox 2009-cu ildə Böyük Britaniyanın sabiq baş naziri Toni Bler ölkəmizə səfər edən zaman tanıdı.
Bleri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmışdı. O vaxt bunun üçün şirkətin Blerə 200 min funt sterlinq qonorar ödədiyi deyilirdi.
Qeyd edək ki, havaya buraxılan karbon qazını azaltmağa xidmət edən metanol zavodunun tikintisi üçün 120 milyon dolları Avropa Yenidənqurma və İnkişaf Bankı, bir hissəsini isə Azərbaycan Beynəlxalq Bankı kredit şəkilində ayırmışdı.
Ölkəmizdə həmçinin "KFC” restoranlar şəbəkəsinin qurucularından biri kimi tanınan ata Piriyev 2015-in mayında metanol zavodunun tikintisi üçün aldığı krediti mənimsəmək ittihamı ilə həbs olunmuş, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxmışdı.
Nizami Piriyevin şirkətlərinin bir hissəsinə atasının adını verdiyi oğlu Nəsib rəhbərlik edir. Ümumilikdə Piriyevlər ailəsinin Mərkəzi Asiyada - Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları, Özbəkistanda ayaqqabı istehsalı biznesi var. AzMeConun internet saytı Nizami və Nəsib Piriyevlərin Qazaxıstanda 7 televiziya və radio kanalını, nəşriyyat evini birləşdirən media holdinqinin olduğunu da yazırdı.
Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Bura AzMeCo-nun qiyməti daxil deyil. Var-dövlətinin miqdarını demək istəməyən əksər biznesmenlərdən fərqli Priryevlərin sərvəti haqda məlumat AzMeCo-nun saytında yerləşdirilmişdi.
1981-ci il iyunun 2-də dünyaya gələn Nəsib Piriyev Londonda American İnternational Universitetini bitirib. Media prodüseri və biznesmendi. Atasının şirkətində maliyyə və strateji inkişaf məsələlərinə baxır.
Onun haqqında başqa maraqlı bilgilər də var. Belə ki, İnterpol 2015-in avqustunda Nəsib bəyin axtarışa verilməsi ilə bağlı xəbər yaymışdı.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən oğul Piriyev dəfələrlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılsa da, istintaqdan yayınmışdı.
Beynəlxalq Bankdan kredit götürdüyü 170 milyon dolları qaytarmamaqda suçlanan Piriyev həmin vaxt Londondan yaydığı xüsusi açıqlamada borc faktını inkar etmiş, onun haqqında yalan məlumat yayan şəxsləri məhkəmə ilə hədələmişdi.
Maraqlıdı ki, Piriyevlərin sonrakı fəaliyyəti haqda ortada ətraflı bilgi yoxdu. Dünən İnterpolun saytına baş çəkib, oğul Piriyevin axtarışda olub-olmadığını da dəqiqləşdirməyə çalışdıq. 126 azərbaycanlı arasında Nəsib bəyin adına rast gəlmədik.