Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Rusiyaya saysız-hesabsız sanksiya tətbiq olundu.
Hətta Rusiya bir anda dünyanın tarix boyunca ən çox sanksiyaya məruz qalan dövlətinə çevrildi. Bu sanksiyalar bir çox sahələrə olduğu kimi futbola da təsirsiz ötüşmədi. Belə ki, futbol üzrə Rusiya milli komandası və rus klublar beynəlxalq turnirlərdən kənarlaşdırıldı. Anoloji addım Rusiyanın təmsil olunduğu bütün idman növlərində atıldı.
Artıq müharibənin başlamasının üzərindən 2 il yarım keçir. Sanksiyaların isə istənilən effekti vermədiyi müşahidə olundu. Üstəlik, idman başda olmaqla bəzi sanksiyaların tətbiqi özü belə birmənalı qarşılanmamışdı. Bunların fonunda son zamanlarda Rusiyaya tətbiq olunan bəzi sanksiyalarda yumşalmaya gedildiyini görürük.
Maraqlıdır, futbol üzrə Rusiya yığması və rus klublarının beynəlxalq turnirlərdən uzaqlaşdırılması cəzası bitə bilər?
Futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, Rusiyaya futbolda tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılma ehtimalı var:
"Bəzən bir çox idman növlərində rus idmançılarına Rusiya deyil, olimpiya bayrağı ilə mübarizə aparmağa icazə verirlər. Düşünürəm ki, futbol da istisna olmamalıdır. Yəqin ki, nə vaxtsa rus klublarına və Rusiya milli komandasına tətbiq olunan məhdudiyyət aradan qalxa bilər. Hətta bunun Rusiya-Ukrayna müharibəsi bitmədən də baş verməsi mümkündür".
Ekspert qeyd edib ki, idmanın heç bir növü siyasətə qarışmamalıdır:
"Yəni hansı ölkənin müharibə aparmasından və ya aqressiya tətbiq etməsindən, haqlı olub-olmamasından asılı olmayaraq, atılan addımlar dünyadakı idmanın inkişafına əngəl törətməli deyil. Məncə, Rusiya milli komandası da, rus klubları da beynəlxalq turnirlərdə çıxış etməlidir".
Pərviz