Mbappe Ronaldonun "Real Madrid"dəki uğurunu təkrarlaya biləcək? - RƏY

13:50 / 25.07.2024
411

İspaniyanın "Real Madrid" klubunun yeni transferi Kilian Mbappe dünya gündəmini zəbt etməyə davam edir. 

Xüsusilə, onun təqdimat mərasimi olduqca diqqət çəkdi. Çünki Mbappe təqdimat mərasimində heyranı olduğu super ulduz Kriştiano Ronaldonun "Real Madrid"ə gələrkən etdiklərini təkrarladı. Onun portuqaliyalı futbolçunun təqdimat mərasimində etdiklərini eynilə təkrarlaması maraqla qarşılandı. Üstəlik, Mbappe oyun üslubu olaraq özünü Ronaldoya bənzədir. 

Bəs Kilian Mbappe "Real Madrid"də Kriştiano Ronaldonun qırdığı rekordları da təkrarlaya biləcək? 

Futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib ki, Kilian Mbappe həqiqətən də çox möhtəşəm futbolçudur:

354810

"Onun Dünya Çempionatında göstərdiyi performans necə böyük potensiala malik olduğunun aşkar nümunəsidir. Əslində sonuncu Avropa Çempionatında da bir az parıldadı, amma gözləntiləri qarşılaya bilmədi". 

Lakin ekspert Mbappenin Ronaldonun uğurlarını təkrarlayacağına şübhə ilə yanaşıb:

"Əminəm ki, Mbappenin "Real Madrid"ə köməyi dəyəcək. O, "Real Madrid" səviyyəsində olan futbolçudur. Amma onu "yeni Ronaldo" adlandırmıram. Çünki İspaniya və dünya futbolunda Kriştiano Ronaldo ilə Leo Messi arasındakı qarşıdurmanı heç bir futbolçunun verə biləcəyini düşünmürəm. Bəlkə də, bir neçə yüz ildən sonra onların etdiklərini təkrarlayacaq futbolçular ola bilər. 

Çünki onlar dünyanın ən böyük və maraqlı rəqabətini aparan futbolçular idi. Hər ikisi də dünyanın ən yaxşı futbolçuları oldular. Ona görə də Mbappe üçün həmin rekordların öhdəsindən gəlməyin çox çətin olacağını düşünürəm. Üstəlik, Mbappenin Ronaldo kimi özünü futbola həsr edəcəyini də zənn etmirəm. Onun Ronaldo səviyyəsinə çatması inandırıcı deyil".

Pərviz

0