Samir Abbasov "Sumqayıt"da uğurlu ola bilmir? - RƏY

10:59 / 05.08.2024
383

"Sumqayıt"ın UEFA Konfrans Liqasındakı çıxışının erkən dayandırması azarkeşlərin tənqidlərinə səbəb olmağa davam edir. 

Belə ki, təmsilçimiz II təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubunu keçə bilmədi. Baxmayaraq ki, ilk oyunda Sumqayıtda 1-0 önə keçməyi bacardıq, lakin bəsit səhvlərə görə matç 1-2 hesabı ilə başa çatdı. Revanş matçı isə qolsuz yekunlaşdı və "Sumqayıt" bu mövsüm Avropada mübarizəni dayandıran ilk komandamız oldu. Bu isə azakeşlərin tənqidlərinə gətirib çıxardı. Çünki onlar komandalarının turu keçəcəyini gözləyirdilər. Hətta bəzi azarkeşlər buna görə baş məşqçi Samir Abbasova təpki göstərirlər. 

Ümumiyyətlə, Samir Abbasovun "Neftçi"də etdiklərini "Sumqayıt"da təkrarlaya bilmədiyi ilə bağlı fikirlərlə qarşılaşırıq. O, paytaxt klubunu uzun illər sonra çempion etmiş və yaxşı futbol oynatmışdı. Lakin "Sumqayıt"da hələ ki, ondan gözləntiləri qarşılaya bilmir. 

Bəs bunun əsas səbəbi nədir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, Samir Abbasov Azərbaycan futbolunun son illərdə yetişdirdiyi ən uğurlu baş məşqçilərdən biridir:
"O, "Neftçi"də uğurlu olub. Üstəlik, "Sumqayıt"da da kifayət qədər uğurlu olduğunu düşünürəm. Samir Abbasov "Qarabağ" kimi komandanı taxtdan salaraq "Sumqayıt"la çempion olmalı idi? Samir Abbasov "Sumqayıt"ı tarixində ilk dəfə avrokuboklara aparıb.

"Fehervar"la evdəki oyunda "Sumqayıt"ın futbolçusu qırmızı vərəqə almasaydı, turu keçə bilərdik. Üstəlik, "Sumqayıt" səfərdə bərabərə qalaraq ölkəmizə reytinq xalı da qazandırdı".

O qeyd edib ki, Samir Abbasov "Neftçi"də daha uğurlu olaraq klubu avrokubokların qrup mərhələsinə yüksəldə bilərdi:

"Çox təəssüf ki, "Neftçi"nin ovaxtkı rəhbərliyi Samir Abbasova dəstək vermədi. Çünki onların məqsədi tamam başqa idi. Onlar, məqsədi SOCAR-ın "Neftçi"yə ayırdığı pulu silmək idi. Ona görə də Samir Abbasov kimi məşqçilərlə işləmək istəmirdilər. Onun həqiqəti deməsi paytaxt klubunun rəhbərliyinə sərf etmirdi. Samir Abbasov "Neftçi"də çalışdığı 2 il ərzində bir dəfə çempion olub, bir dəfə isə gümüş medal alıb. 

"Qarabağ" kimi komanda ilə rəqabətdə bundan artıq heç nə etmək mümkün deyildi. Amma avrokuboklarda uğursuz olub. Onu da əvvəlcədən deyirdi ki, bu heyətlə avrokuboklara getmək olmaz. Heyət çox zəif idi və gücləndirmək lazım idi. Klub rəhbərliyi dəstək vermədi, hətta azarkeşləri də Samir Abbasovun üzərinə qaldırdılar. İndi "Neftçi" heç avrokuboklara belə vəsiqə qazana bilmir".

355371

Natiq Muxtarlının sözlərinə görə, "Sumqayıt" rəhbərliyi də təxminən eyni addımı atır:

"Çempionat başa çatandan sonra Samir Abbasovun əsas futbolçuları komandadan ayrıldı. Amma əvəzində lazım olan futbolçuları transfer etmədilər. Çünki "Sumqayıt" rəhbəri futbolçu alıb-satmaqla məşğuldur. Onu marağı hər 6 aydan bir "Sumqayıt"a 10 futbolçunun gəlib, 10 futbolçunun getməsidir. Gələcəyə hesablanmış sabit komanda qurmaq, futbolçularla 3-4 illik müqavilə bağlayıb, heyəti inkişaf etdirib uğur qazanmaq bu rəhbərliyi maraqlandırmır.

Ona görə də Samir Abbasovdan "Sumqayıt"da bundan artıq heç nə gözləmək mümkün deyil. Üstəlik, "Sumqayıt"ın büdcəsi "Neftçi"nin büdcəsindən ən azı 5 dəfə aşağıdır. Əgər Samir Abbasovdan "Neftçi"də etdikləri gözlənilirsə, Sumqayıt büdcəsi paytaxt klubunub büdcəsinə çatdırılmalı və ona sərbəstlik verilməlidir".

Həmsöhbətimiz onu da əlavə edib ki, Samir Abbasov çox perspektivli məşqçidir, amma təəssüf ki, Azərbaycanda belə məşqçiləri inkişaf etdirəcək rəhbərlər yoxdur:

"Azərbaycanın əksər klublarına dələduzlar rəhbərlik edir. Onların məqsədi dövlətin klublara ayırdığı vəsaiti mənimsəyib cinlərinə yığmaqdan ibarətdir. Ona görə də heç bir məşqçini günahlandıra bilmərik, hər şey idarəçilikdən asılıdır. İdarəçi ilə məşqçinin fikirləri üst-üstə düşərsə, uğur gələcək". 

Pərviz

0