Belarus klubu avrokubok oyunlarını Sumqayıtda keçirəcək

İDMAN
16:48 / 20.08.2024
440

"Sumqayıt" Belarusun "Dinamo" (Minsk) klubunun avrokuboklardakı ev oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirməsinə razılıq verib.

Bu barədə "Report"a Sumqayıt təmsilçisinin mətbuat katibi Zaur Xudiyev məlumat verib.

O, Belarus klubunun artıq rəsmi şəkildə müraciət etdiyini və hazırda danışıqlar aparıldığını vurğulayıb:

"Dinamo" klubu tərəfindən qrup oyunlarını Sumqayıt şəhər stadionunda keçirməsi ilə bağlı bizə rəsmi müraciət olunub. Onlara ilkin mərhələdə müsbət cavab vermişik, danışıqlar hazırda davam edir. Stadionda qrup oyunlarının keçirilməsi məsələsi olduğuna görə UEFA da danışıqlar prosesinə qoşulub. Bu səbədən qurum tərəfindən stadionda daha bir dəfə yoxlama aparılacaq. Məncə problem olmamalıdır, icazə veriləcək. İki tərəf arasında razılıq əldə olunacağı təqdirdə Minsk klubu qrup oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda keçirə bilər".

Qeyd edək ki, "Dinamo" Avropa Liqasının pley-off mərhələsində Belçika klubu "Anderlext"lə qarşılaşacaq. Komanda qələbə qazanacağı təqdirdə Avropa Liqasının, uduzarsa, Konfrans Liqasının qrupunda mübarizə aparacaq.

Xatırladaq ki, UEFA Belarus komandalarının ev oyunlarını öz ölkələrində keçirmələrini qadağan edib. Ötən mövsüm bu komanda təsnifat mərhələsində rəqiblərini ölkəmizdə qəbul etmişdi.

0