"Zirə"nin Avropadakı çıxışı uğurlu idi? - Mütəxəssis RƏYİ

İDMAN
10:45 / 03.09.2024
1377

"Bu mövsüm “Zirə”nin avrokuboklardakı çıxışını birmənalı olaraq “uğurlu” və ya “təsadüf” adlandıra bilmərik".

Bu sözləri tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, burada həm uğur, həm də təsadüf var idi:

"Belə ki, “Zirə” “Şerif”lə səfərdə keçirdiyi ilk oyunda olduqca nizam-intizamlı oynadı. Nəticədə, haqq etdiyi qələbəni də qazandı. Lakin Bakıdakı qarşılaşmada komandada nizam-intizamın aşağı səviyyədə olduğu üzə çıxdı. 

“Zirə”nin futbolçusunun heç bir gərginlik olmadığı halda, durduğu yerdə rəqibi vurub qırmızı vərəqə almasının başqa izahı yoxdur. Belə vacib oyunda futbolçu bu cür intizamsızlıq edirsə, başqa ifadə tapmaq mümkün deyil".

357338

Ekspert qeyd edib ki, “Zirə” “Şerif”i mübarizədən kənarlaşdırsaydı, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazana bilərdi:

"Amma sonrakı iki qarşılaşma göstərdi ki, “Zirə”də həm də inkişaf var. Şimali Makedoniya komandası üzərində iki qələbə və Xorvatiya təmsilçisi ilə oyunlarda heç-heçələri təsadüf saymaq olmaz. Düzdür, xorvatlarla hər iki oyunda “Zirə”nin bəxtinin gətirdiyini deyə bilərik. Çünki hesabı son dəqiqələrdə bərabərləşdirdi. Amma bunun özü də yaxşı əlamətdir. 

Bu, Əzmkarlıqdan və mübarizədən qopmamaqdan xəbər verir. Amma bir qədər ciddi rəqiblə - “Omoniya” ilə oyun göstərdi ki, “Zirə” uzunmüddətli mübarizəyə və gərginliyə hazır deyil. Bunun üçün komandanın ən azı iki bərabər səviyyəli heyəti olmalıdır. Ehtiyatda oturanlar oyuna güc qatmalıdırlar. Lakin “Zirə” də bunlar yoxdur. Deməli, “Zirə”nin hələ böyüməsi lazımdır. Özü də kifayət qədər". 

Natiq Muxtarlı xatırladıb ki, “Qarabağ” 4 il sərasər pley-offlarda məğlub olduqdan sonra qruplara vəsiqə qazandı:

"Amma “Qarabağ”da sabit inkişaf xətti var idi. Komanda ildən-ilə güclənirdi, heyət komplektləşdirilirdi. Ümid edək ki, həmin “Qarabağ”ın bir hissəsi olan Rəşad Sadıqov da məhz bu xətti davam etdirəcək. Azərbaycan futbolunda “Qarabağ” kimi ikinci komandanın olması vacibdir. Bu, rəqabət üçün lazımdır. Hər kəs bu rəqabəti “Neftçi”nin yaradacağını düşünürdü. 

Hərçənd ki, “ağ-qaralar”da bərbad idarəçilik bunu istisna edir. Olmasın “Neftçi”, olsun “Zirə”. Bizim futbola rəqabət yarada biləcək komanda mütləq lazımdır. İnkişaf rəqabət olan yerdə mümkündür. Ümid edək ki, “Zirə” növbəti mövsümdə daha rəqabətədavamlı olacaq".

Pərviz

0