"Futbol üzrə Azərbaycan yığma komandasının Millətlər Liqasındakı işi çox çətinləşib".
Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.
O, yığmamızın İsveç və Slovakiya ilə matçlarda məğlub olduğunu xatırladıb:
"Ən azından bu iki matçdan sonra qarşıdakı oyunların nə qədər çətin olacağını təxmin etmək mümkündür. Çünki qrupda keçirdiyimiz hər iki oyunda da məğlub olduq".
Lakin ekspert Azərbaycan millisinin həmin oyunlarda gözlənildiyindən daha yaxşı oynadığını da söyləyib:
"İsveç və Slovakiya ilə matçlarda məğlub olacağımızı düşünürdüm. Lakin buna baxmayaraq, məğlubiyyətimiz o qədər də açıq-aşkar olmadı. Həm bir az daha cəhd göstərsək, həm də bəxtimiz gətirsəydi, sözügedən oyunlarda qələbə də qazana bilərdik. Ən azından İsveç millisini məğlub etmək olardı".
Aslan Kərimov millimizin qrupdan çıxma şanslarından da danışıb. O, təəssüflə qeyd edib ki, yığmamızın qrupdan çıxması proqnozlaşdırılmır:
"Azərbaycan millisi qrupdan çıxmaq üçün qarşıdakı bütün rəqiblərini məğlub etməlidir. Bunun isə nə qədər çətin olacağı açıq-aşkar görünür. Düşünürəm ki, bu mövsüm Millətlər Liqasında qrupdan çıxma şanslarımız sadəcə 20-30 faizə yaxındır. Ondan artıq deyil".
Pərviz