"Əslində, "Mançester Siti" kimi keyfiyyətli komandanın bu qədər ardıcıl oyunda məğlub olması hansısa səbəbin ortaya çıxmasına gətirib çıxarır".
Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.
O, bu səbəblərdən bəhs edib:
"Düzdür, "Mançester Siti"nin qarşılaşdığı rəqiblər də kifayət qədər güclü kollektivlərdir. Lakin hesab edirəm ki, komanda daxilində olan söz-söhbətlər uğursuz nəticələrə təsir edir. Bəlkə də, baş məşqçi Pep Quardiolanın "Mançester Siti"dəki tələbləri həddindən artıq yüksəkdir".
Ekspert qeyd edib ki, Quardiola hegemon məşqçidir və komandalarına hər zaman tam olaraq rəhbərlik edir:
"Bu davranış yeniyetmə və perspektivləri olan komandada xoş qəbul oluna bilər. Lakin ulduz futbolçularla qarşı bunu etmək problemlər yarada bilər. Bütün bunlar isə komandanın oyununa təsir göstərir".
Aslan Kərimovun fikrincə, komanda daxilində gərginlik var:
"Quardiolanın taktikalarının öncədən təxmin edildiyi versiyasını inandırıcı saymıram. Bütün komandaların onun necə oynamaq istədiyini və ona uyğun taktika ilə meydana çıxdığı real deyil. Çünki onun taktikalarını "Barselona" və "Bavariya"da da bilirdilər. Hər halda, təkcə bilmək bəs etmir.
Mənə elə gəlir ki, "Mançester Siti" futbolçuları arasında anlaşılmazlıq var. Komanda daxilində hansısa gərginliyin və çatışmazlığın olduğu açıq-aşkar görünür".
Pərviz