"Qarabağ"ın hücumçusu Olavio Juninyo Avropanın daha bir klubunun maraq dairəsinə düşüb.
Qaynarinfo İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, "Sevilya"dan sonra Serbiyanın "Srvena Zvezda" klubu da braziliyalı forvardı heyətinə qatmaq niyyətindədir. Bu komanda hazırda Çempionlar Liqasında çıxış edir.
AS yazır ki, "Sevilya" bu transferdə daha iddialıdır və La Liqa təmsilçisi üçün Juninyonun alınmasının əsas prioritet sayılır.
Qeyd edək ki, "Qarabağ" və baş məşqçi Qurban Qurbanov Juninyonun "Sevilya"dan təklif aldığını təsdiqləyib. Məlumata görə, İspaniya klubu braziliyalı üçün 2 milyon avro təklif edib, lakin "Qarabağ" razılaşmayıb. İspanlar bundan sonra 3 milyon avro transfer haqqı və 1 milyon avro bonus təklif edib.
Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Braziliyalı komandanın heyətində 80 oyun keçirib və 42 qol vurub, Azərbaycan çempionu və kubokun qalibi olub.