Futbol üzrə Azərbaycan milli komandası daha bir ili uğursuzluqla başa vurdu.
Fernandu Santuşu baş məşqçi vəzifəsinə gətirmək də effekt vermədi. Əksinə, millimiz onun dövründə çox bərbad performans sərgilədi. Bu isə bütün futbol ictimaiyyəti və azarkeşlər tərəfindən sərt tənqidlərə səbəb oldu. Bütün bunların fonunda isə Fernandu Santuşun istefasını tələb edənlərin sayı kifayət qədər çoxdur.
Bəs Santuş istefaya göndərilməlidirmi?
Mövzu ilə bağlı futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, Fernandu Santuşu ölkəyə gətirəndə yaxşı fikirləşmək lazım idi:
"Onu bu posta təyin etməyin uğurlu olub-olmayacağını hesablanmalı idi. Yeni gələn baş məşqçini qısa müddətdə istefaya göndərmək çox mənasız addım olar. İndi AFFA Fernandu Santuşu istefaya göndərsə, guya nə dəyişəcək? Hesab edirəm ki, indiki vəziyyətdə Santuşu qovub ona verilən pulları havaya sovurmaqdansa, qalıb işləməsi daha məqsədəuyğundur".
Ekspert hesab edir ki, baş məşqçi dəyişikliyi o qədər də effektli deyil:
"Çünki kimin gəlməsindən asılı olmayaraq ciddi dəyişiklik olmayacaq. Yəni artıq diqqətimizi oradan çəkmək məcburiyyətindəyik. Ümumiyyətlə, futbol üzrə Azərbaycan millisində hansısa potensial yoxdur. Ona görə hazırda Santuşun istefaya göndərilməsinə ehtiyac duyulmur".
Pərviz